Ümrə ziyarətində şok yenilik
Türkiyə dini işlər nazirliyi ümrə ziyarətində gediləcək müqəddəs yerlər siyahısına Qüds şəhərini də əlavə edib.
ANS PRESS-in məlumatına görə, nazirlik bildirir ki, ümrə ibadəti etmək istəyənlər səfərə mütləq Qüdsdən başlamalıdırlar. Onlar bu ziyarətə müsəlmanların ilk qibləsi Məscidi Aksadan başlayacaqlar.
Bu cür ziyarət turuna qeydlər artıq dünəndən başlayıb. İlk ziyarətçi qrupu 15 aprel 2015-ci il tarixdə İstanbuldan hərəkət edəcək. Vətəndaşlar 3 gün Qüdsdə, 4 gün Mədinədə və 7 gün Məkkədə olacaqlar. Səfər 14 gün çəkəcək.
Qüds proqramında dindarlar həm də Həzrəti İbrahimin, Həzrəti İshaqın, Həzrəti Yaqubun qəbirlərinin olduğu türbəni, həmçinin Həzrəti Davudun, Salman Farsinin və Rəbiyyətül Ədəviyyənin qəbirlərini ziyarət edəcəklər. Qüds səfərində onlar həm də Həzrəti Ömər məscidinə də baş çəkəcəklər.
Mənbə:> ANSPRESS