Sizi internetlə şantaj edib, pul istəyə bilərlər, aldanmayın!
Bu barədə Mediamark şirkətinin direktoru, sosial media mütəxəssisi Orxan Rzayev öz facebook profilində yazıb.
AzNews.info Orxan Rzayevin statusunda qeyd olunanları olduğu kimi təqdim edir:
"Bir neçə gün öncə bir tanış adam başına gələnləri danışdı: Skype'la ingilis dili öyrənirmiş. Bir neçə dərsdən sonra emailinə hansısa Afrika ölkəsindən mesaj gəlib. Demək, skype'la danışdığı görüntüləri yaddaşa yazıb, sonra o görüntürləri montaj edərək porno video hazırlayıblar. Emaillə həmin videonu adama göndərib deyiblər ki, filan hesaba 800 avro pul ödəməsəniz bu videonu dostlarınıza göndərəcəyik, paylaşıb sizi işarələyəcəyik, biabır olacaqsız. Həmin adamlara ödəniş olunmadı, qoyduqları son tarixdən 3 gün keçib, amma paylaşmayıblar. Çox güman ki, yüzlərlə belə insanı adladıb hamısına eyni təzyiq edirlər, kim qorxub göndərsə onu əldə edirlər.
Təkcə Skype yox, Facebook'a, YouTube'a və ya başqa istənilən yerə yerləşdirdiyiniz videoları montaj edib bənzər videolar hazırlaya bilərlər. Yəni texniki cəhətdən bu, mümkündür. Bu, mənim də, sizin hər birinizin də başına gələ bilər. Sığorta olunmayıb heç kəs. Amma bu o demək deyil ki, internetdə, sosial mediada fəaliyyətinizi dayandırın. Söhbət "şantaj"dan gedirsə, narahat olmağa dəyməz. Bir status yazmağınız, ətrafınızdakı insanları bu barədə məlumatlandırmağınız kifayət edər.
XÜSUSƏN GƏNC XANIMLAR! Qətiyyən bu cür cinayətkarların hədə-qorxusuna aldanmayın, qorxmayın, onların dediyini qətiyyən etməyin! Belə hallarda aidiyyatı qurumlara müraciət edin (MTN, Kibercinayətkarlığa Qarşı Mübarizə İdarəsi), *1656-ya məlumat verin (Dövlət Təhlükəsizliyi Xidməti), IT sahəsində təcrübəsi olan şəxslərdən məsləhət alın, ailə üzvlərinizə məlumat verin."
Mənbə:> AzNews.info