İsmayıllı bazarında törədilən partlayışın təfərrüatı məlum olub – FOTO + YENİLƏNİB
Ötən gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarda yerləşən çayxanada törədilən partlayış əl qumbarasının işə salınması nəticəsində baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, iki nəfərin yaralandığı partlayışın bəzi təfərrüatları məlum olub.
İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun bazar ərazisinə hərbi təlim qumbarası gətirib, oradakı insanlara hədə-qorxu gəldiyi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarından ibarət əməliyyat qrupu əraziyə gedib və üzərində partlayıcı qurğu olan şəxsi zərərsizləşdirməyə çalışıb.
Polis əməkdaşları Zakir Kazımova yaxınlaşan zaman o əlindəki qumbaranı çayxananın qarşısında yük arabasının altına ataraq qaçıb.
Əl qumbarası böyük partlayışa səbəb olub, geyim mağazalarının və çayxananın şüşələri sınıb.
Hadisə zamanı bazarda heç kim olmadığı üçün daha böyük faciə baş verməyib və insan tələfatı olmayıb.
Çayxanada olan 3 nəfərdən ikisi - rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini, 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisəni törədən Zakir Kazımovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. O, saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda onun əl qumbarasını haradan alması və bazara nə üçün gətirməsinin səbəbi araşdırılır.
10 mart, 21:04
Martın 10-da polis əməkdaşları İsmayıllı rayon sakini, F-1 qumbarası ilə silahlanmış Kazımov Zakir Əhməd oğlunu saxlamaq istəyərkən, cinayətkar əlindəki qumbaranı kafenin ərazisinə atıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Virtualaz.org-a Rayon Polis Şöbəsindən məlumat veriblər.
APA nəşrinin məlumatına əsasən, partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Mənbə:> Oxu.az