Bakını güclü duman bürüyüb – FOTO
Martın 10-u axşam saatlarından başlayaraq, Bakıda və bəzi bölgələrdə güclü duman müşahidə olunur. Eyni vəziyyət martın 10-na keçən gecə də hökm sürüb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, hava qaraldıqdan sonra Bakının avtomobil yollarında görünüş məsafəsi xeyli azalıb, qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.
Axşam saatlarında Yasamal rayonu ərazisindəki küçə və prospektlərdə, eləcə də, Tiflis, Moskva prospektlərində, “20 Yanvar” dairəsi istiqamətində dumanla əlaqədar avtomobillərin hərəkətində çətinlik olub, nəqliyyat sıxlığı yaranıb. Bir qədər sonra sıxlıq aradan qalxıb və hazırda nəqliyyatın hərəkəti normaldır.
Dumanlı hava şəraiti aeroportun işinə təsir etməyib, dumanla əlaqədar təxirə salınan reys yoxdur. Bakıya gəlməli olan bir neçə reysdə ləngimə var. Amma bu ləngimə dumanla bağlı deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hazırda Bakı ilə yanaşı bir sıra rayonlarda da dumanlı hava şəraiti hökm sürür. Duman martın 11-i səhər saatlarınadək davam edəcək və gündüz saatlarında duman gözlənilmir.
Mənbə:> APA