Bakıda təriqət üzvlərinin toplaşdığı evdə əməliyyat keçirildi – VİDEO
Bakıda dövlət qeydiyyatına alınmamış dini təriqət üzvlərinin toplaşdığı ünvanda əməliyyat keçirilib.
AzNews.info APA TV-yə istinadən xəbər verir ki, Ceyhun Hacıbəyli 11 ünvanında keçirilən əməliyyat zamanı məlum olub ki, yeniyetmələr bura toplaşaraq ibadətlə məşğul olurlar.
Axtarış zamanı həmin ünvana toplaşan təxminən 20-25 nəfər şəxs saxlanılaraq qeydiyyata alınıb. Hadisə şahidlərinin sözlərinə görə, axtarış aparılan ünvanda kurs yerləşir. Ətrafda yaşayanlar bu evdə dini dərslər tədris olunduğunu desələr də, gənclərin hansı təriqətə qulluq etdiyindən xəbərsizdirlər.
Əməliyyat keçirilən ünvanda əsasən 13-17 yaşlı gənclərə dini dərslər, ərəb dili tədris olunub.
Yeniyetmələrdən biri bildirib ki, artıq 2-3 ildir ki, hər gün bura gələrək ərəb dili və namaz qılmağın yollarını öyrənir:
“Əsasən dərslər keçirilir. Yaşca bizdən böyük müəllimlərimiz bizə dinin dərinliklərini tədris edirlər. Hər cümə günü yığışıb birlikdə namaz qılırıq. Burada kursu müvəffəqiyyətlə başa vuranlar Türkiyəyə gedir və orada “hoca” olur”.
Yeniyetmə qeyd edib ki, əvvəllər Lökbatanda yaşayanda bu yerə bənzər məkanda dini tədris alıb. Hazırda isə bu ünvana gəlir.
Əməliyyatçılar bildiriblər ki, buraya toplaşanların qanunsuz dini fəaliyyətlə məşğul olması səbəbindən əməliyyat keçirilib.
Mənbə:> APA