“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərslər keçirildi – FOTO
Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri də iştirak edib.
Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunub.
Bu barədə Oxu.Az-a Təhsil nazirliyindən bildirilib.
Məlumata görə, “Hərb tariximiz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib.
Bundan başqa, Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən dərs isə “Mühəndis maneələri” mövzusuna həsr olunub.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bildirib ki, orta məktəblərdə tədris olunan bu dərslərdə şagirdlər təkcə silahlardan istifadə qaydalarını öyrənməməli, eyni zamanda vətənə bağlılığını artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə götürməlidir.
O, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsinin dərslərin keyfiyyətinin artırılmasına zəmin yaratdığını qeyd edib.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Mənbə:> Oxu.Az