Azərbaycan və Gürcüstan arasında sərhəd komissarları institutu yaradılacaq
Azərbaycan və Gürcüstan arasında sərhəd komissarları institutu yaradılacaq – müvafiq memorandum yaxın vaxtlarda Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) arasında imzalanacaq.
Oxu.Az newsgeorgia.ge-yə istinadən xəbər verir ki, müvafiq razılıq Gürcüstan daxili işlər naziri Georgi Mqebrişvili və DSX rəisi Elçin Quliyev arasında Tbilisidə keçirilən görüşdə əldə olunub.
“Bizim məqsədimiz sərhəddə nəzarətin daha da gücləndirilməsi və iki ölkə arasında gələcək əməkdaşlığı dərinləşdirməkdir. Bu da öz növbəsində iki ölkənin təhlükəsizliyinə töhfə verəcək. Sərhəd komissarları institutu sərhəddə insidentlərin nizama salınması məqsədilə yaradılır. Burada iki ölkənin sərhəd qurumlarının nümayəndələri təmsil olunacaq”, - Georgi Mqebrişvili deyib.
G.Mqebrişvili E.Quliyevi sərhəd-keçid məntəqələrin reabilitasiyası, sərhəd polisinin peşəkarlığının artırılması və müasir texnika ilə təchizatına dair layihələrlə də tanış edib. Öz növbəsində, E.Quliyev əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu qeyd edib.
“Biz qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmişik. Bu əməkdaşlığı genişləndirməyə hazır olduğumuzu bildirmişik. Bu əməkdaşlığın gələcəkdə həyata keçiriləcəyi istiqamətlər qeyd edildi, protokol idarələrinə gələcək planların daxil ediləcəyi memorandumun hazırlanması tapşırıldı”, - Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri qeyd edib.
E.Quliyev Gürcüstana səfəri çərçivəsində həmkarı David Nikoleişvili və Polis Patrul Departamentinin direktoru Qoqa Razmadze ilə də görüşüb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri prezident Heydər Əliyevin Tbilisidəki büstü önünə əklil qoyub.
Mənbə:> Oxu.az