Vaqonda yaşayanlar - VİDEO
Ağdam rayonundan məcburi köçkün olan Elyana Məmmədova artıq 20 ildən çoxdur ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsində uçulub dağılmaq təhlükəsilə üz-üzə qalan vaqonda yaşamağa məcbur olub.
ANS TV-nin məlumatına görə, vaqona daxil olanda ilk baxışda burada yaşamağın mümkünsüz olduğu görünürdü. Qış aylarında ailənin vəziyyəti daha da dözülməz olur. Yağan qar, yağış hamısı evin içərisinə dolur. Yay aylarında isə vaqonda istidən nəfəs almaq mümkün olmur. Dözülməz şəraitdə yaşayan ailə dəfələrlə mənzil verilməsi üçün müvafiq orqanların qapısını döysə də kömək əli uzadan qurum tapılmayıb. Baxımsızlıq onun 16 yaşında olan övladını da əlindən alıb. Digər övladı 11 yaşlı Nurlan Məmmədov isə anadan gəlmə ayaqları fiziki qüsurludur. İmkansızlıq baxımından övladını müalicə etdirə bilmir. Onun xaricdə əməliyyat olunması üçün 5000 AZN məbləğində pul lazımdır. İstənilən məbləği verməyə isə ananın imkanı yoxdur. Həyat yoldaşından ayrı yaşayan Elyana xanımın indi bir istəyi bu günə qədər çəkdiyi əzabi unudub yeni mənzillə təmin olunmaq və övladını sağlam görməkdir.
Şikayətçi Elyana Məmmədovanın sözlərinə görə, elə vaxtlar olub ki, evdə yeməyimiz də olmayıb: “Övladım xəstəlikdən məktəbə belə gedə bilməyib. İndi evə müəllim çağırmışıq. O, gəlib öyrədir. Ev pis gündədir”.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirdilər ki, həmin ailəyə yaxın günlərdə ev veriləcək. Odur ki, ailə bir az da səbr etsə, ev problemi arxada qalmış olacaq.
Mənbə:> ANSPRESS