“İŞİD" döyüşçülərinin maaşlarının miqdarını açıqlayıb
“İslam Dövləti” terror təşkilatının lideri Əbu-Bəkr əl-Bağdadi evlənmək istəyən döyüşçülər üçün yeni imkanlar vəd edib.
İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, Əbu-Bəkr əl-Bağdadi “İslam Dövləti”ə qoşulan və ya qoşulmaq istəyən şəxslər üçün yeni imkanlar və məziyyətləri ehtiva edən bəyanatla çıxış edib.
Məlumata əsasən, sözügedən təşkilatın hər bir suriyalı döyüşçüsü miqdarı məlum olmayan əsas maaşından əlavə aylıq 400 dollar müavinət alacaqdır. Amma döyüşçü evli olarsa hər aya 50 dollar uşaqpulu və hər xanıma görə isə 100 ABŞ dolları əldə edə biləcəkdir. Bu məbləğ xaricdən gələn döyüşçülər üçünsə daha yüksəkdir. Belə ki xaricdən gələn döyüşçülər üçün əlavə olaraq, 400 dollar "hicrət pulu" nəzərdə tutulub.
Bundan əlavə Əbu-Bəkr əl-Bağdadi evli döyüşçüləri mənzillə təmin edəcəyi, onlara verilən xidməti maşınların isə yanacaqla təmin ediləcəyini vəd edib. Bu bəyanatda döyüşçülərin qış aylarında evlərinin qızmaları üçün yanacaqla da təmin ediləcəyi qeyd edilib.
Qeyd edək ki, "İslam Dövləti" terror təşkilatı hazırda Suriya ərazisinin üçdə biri, İraq ərazisinin isə dördə birinə nəzarət edir. Statistikalara görə, "İŞİD" hazırda dünyanın ən varlı terror təşkilatıdır.
Mənbə:> inter.az