Anam nə isə etmişdi, atam döyərək öldürdü – TƏFƏRRÜATLAR
Gədəbəydə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.
AzNews.info APA TV-yə istinadən xəbər verir ki, rayonun Zəhmət kənd sakini, 34 yaşlı Zamur Allahverdiyev həyat yoldaşı, 39 yaşlı Dürdanə Əsgərovanı döyərək qətlə yetirib.
Yaxınlarının sözlərinə görə, Zamur Allahverdiyev içki düşkünü olub. O, mütəmadi olaraq həyat yoldaşını və anasını döyürmüş. Bu xasiyyətinə görə qonşular Zamurla ünsiyyəti kəsiblər.
Qətli törədənin qohumu Qənirə Süleymanova deyir ki, Zamur Allahverdiyevin ailəsi ilə ünsiyyətləri olmayıb:
“Mənim onlara gediş-gəlişim olmayıb. Oğlan dəli idi. Özü bizə gəldi və dedi ki, yoldaşımı öldürmüşəm. Gedin görün, nə edirsiniz? Mən də yoldaşıma dedim, dur get, gör nə olub. Deyir, yoldaşımı öldürmüşəm. Camaat gəlib gördü ki, qadın ölüb. Anasını da o qədər döyüb ki, qadın yataq xəstəsidir”.
Qətlə yetirilən Dürdanə Əsgərova iki oğlan, bir qız anası olub. Ailənin böyük oğlu ikinci sinifdə oxuyur. Cinayət azyaşlıların gözü qarşısında baş verib. Uşaq anasının öldürülmə səbəbini bilmir:
“Anam nə isə etmişdi, atam da döyüb öldürdü”.
Qadının qardaşına və anasına cinayət barədə məlumat verilsə də, onlar mərhumun meyitini aparmaqdan imtina ediblər.
Kənd sakini Raya Əliyeva deyir ki, ailə meyitə sahib çıxmaqdan imtina edir:
“Gətirdik meyiti. Qardaşı dedi ki, bizə elə adam lazım deyil”.
Kənd icra nümayəndəsi Tahir Mirzəyevin sözlərinə görə, ailə ünvanlı sosial yardımla təmin edilib, Zamur Allahverdiyevin anası təqaüd alıb. Qətli törədən şəxs özəl təsərrüfatlarda işləyərək pul qazanırmış.
Qətl hadisəsi ilə əlaqədar Gədəbəy Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Hazırda kənd sakinlərini narahat edən məsələ azyaşlı uşaqların taleyidir. Uşaqlar Zamur Allahverdiyevin ögey qardaşının evində olsalar da, ailənin maddi durumu azyaşlılara baxmağa imkan vermir. Qətli törədən ailənin qohumu Qənirə Süleymanova deyir ki, yetim qalan uşaqlara baxmaq imkanları yoxdur:
“Üç körpə uşaqdır, bir də anadır. O da yataqdadır. Ağır gövdəli adamdır. Mən ona baxa bilmərəm”.
Mənbə:> APA