Qiyməti 30 minə qədər olan müğənnilər Bakıya gələ bilər – AÇIQLAMA
“Deyəsən, xalqımız ulduzları çox sevir. Ancaq belə suallar verirsiniz”.
Aznews.info Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində əcnəbi müğənnilərin mümkün iştirakı barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, mayın 12-də keçiriləcək mərasimdə hər hansı yerli və xarici ulduz olmayacaq: “Bu, elə səpkidə şoudur ki, orada oxumaq olmayacaq. Amma bağlanış mərasimində yerli ulduzlar ola bilər”.
Nazir müğənni Ledi Qaqaya “Bakı 2015” I Avropa Oyunlarının açılış mərasimində 1 milyon dollar verildiyinə dair fikirlərə də münasibət bildirib: “Həmin ulduzların müqavilələrində qeyd olunur ki, məbləğ açıqlanmır. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Kommersiya sirridir. Qiyməti 30 minə qədər olan müğənnilər Bakıya gələ bilər”.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 mayda keçiriləcək.
Mənbə:> Report.az