Ailə üzvləri mühacir bloggerdən imtina edir
Hollandiyada yaşayan azərbaycanlı blogger Orduxan Teymurxanın ailəsi ondan imtina edir.
Virtualaz.org-un redaksiyasına müraciət edən ailə üzvləri onun sosial şəbəkədə dövlətçilik əleyhinə yalan və böhtan yazılarından narahatlıq keçirdiklərini və belə bir adamla qohumluqlarına görə utandıqlarını bildiriblər.
O. Teymurxanın bacısı oğlu Elnur Əliyev bildirib ki, 10 ildən artıqdır ki, Azərbaycanda yaşamayan dayısı ilə onları heç nə birləşdirmir. “Ona dayı demək istəmirəm, anamın bioloji qardaşıdır. Sadəcə iş elə gətirib ki anamla eyni valideynin övladı olub. Biz onun yazdıqlarından xəcalət çəkirik. Biz bu hakimiyyəti də, dövləti də sevirik, prezidentin siyasətini dəstəkləyirik. Biz istəyirik ki, hamı bilsin ki, bu adamın bizə heç bir aidiyyatı yoxdur. Biz onun kimi insanların yazdıqlarını lənətləyirik və belə qohumdan imtina edirik”, - deyə E. Əliyev bildirib.
2004-2015-ci illərdə Heydər Əliyev Fondunda tərcüməçi işlədiyini deyən şikayətçinin sözlərinə görə, blogger böhtan dolu yazılarını buradakı qohumlarının yaxşı yaşayışını gözü götürmədiyinə görə yazır: “Dəfələrlə oturub müzakirə edirik ki, bizdən nə istəyir, bizi niyə incidir. Görünür, o, qohumlarının burada yaşayışına paxıllıq edir. Baxır ki, biz burada normal yaşayırıq, o Hollandiyada işsiz-gücsüz qalıb, qəsdən belə edir. Biz belə adamdan uzaq olmaq istəyirik. Sonuncu dəfə nənəm rəhmətə gedəndə 2011-ci ildə Azərbaycana gəlib. Onunla mənim heç ünsiyyətim olmayıb. Onun barəsində heç evdə də danışmırıq. Mədəniyyətə, şərəf və ləyaqətə sığmayan yazılarından əvvəl də onunla ünsiyyətim yox idi. Onun heç elementar ali təhsili yoxdur, savadı olan insan öz davranışına nəzarət edər. Allah ona lənət eləsin! Səsimi eşidən qurumlar bizim aramızdakı bağlığı saymasınlar”, - deyə E. Əliyev qeyd edib.
O. Teymurxanın bacısı Zəhra Əliyeva isə bildirir ki, dəfələrlə digər bacı və qardaşları ilə birlikdə qardaşı ilə danışaraq həqiqətə uyğun olmayan yazılardan əl çəkməsini istəyiblər. “Mən digər bacı-qardaşlarımla birlikdə onunla bu barədə dəfələrlə danışmışıq, gedib ona yalvarmışıq ki, dövlətçilik əleyhinə bu cür yalan yazmasın. O isə deyir ki, yazacağam. Onun fikirləri ilə də heç vaxt razı olmamışam. Bizim heç bir şeydən narazılığımız yoxdur. Çox yaxşı yaşayırıq. Mən bu hakimiyyəti dəstəkləyirəm. Orduxanla da heç bir əlaqəm yoxdur. Ondan imtina edirəm”, - deyə Z. Əliyeva bildirib.
Z. Əliyevanın həyat yoldaşı Məhəbbət Əliyev isə qaynının bu əməllərinin ucbatından anasının infarkt keçirərək dünyasının dəyişdiyini deyir: “Mən oğlumun, həyat yoldaşımın dediklərilə razıyam. Onunla bizim heç bir əlaqəmiz yoxdur, mən heç telefon nömrəsini də bilmirəm. 45 il fəhləliklə ailəmi dolandırmışam. Bu hakimiyyətdən narazılığımız yoxdur, pis yaşamırıq. Ölkəmiz də gün-gündən firavanlaşır. Vaxt var idi ki, çörək üçün növbəyə dayanırdıq. Bu ölkənin nəyindən narazılığımız ola bilər ki? Ancaq üzdəniraq qaynımdan narazılığım var. Elə anası da onun ucbatından infarkt keçirdi öldü”, - deyə M. Əliyev bildirir.
Z. Əliyevanın digər oğlu Elnar Əliyev də bütün qohumların O. Teymurxana münasibətinin çox pis olduğunu bildirir. İş o yerə çatıb ki, hər kəs ondan uzaq olmaq və onunla bağlı heç nə eşitmək istəmir.
“Biz bu adamdan bezmişik, qurtulmaq istəyirik. Ötən həftə məni polisə çağırmışdılar. Dedilər ona məsləhət verək ki, belə şeylər etməsin. İzah etdim ki, mənim onunla heç bir əlaqəm yoxdur. Biz bu adamdan imtina edirik. O bizi saymır, adam yerinə qoymur. O, bizimçün maraqsız adamdır, biz onun etdiklərindən utanırıq. Normal cəmiyyətdə yaşayırıq, o nə istəyir biz bilmirik. Heç yəqin ki, özü də bilmir. Bizim bu ölkədə tək problemimiz odur”, - deyə E. Əliyev bildirib.
Mənbə:> Virtualaz.org