Məhərrəm Əliyev: "Mənim Karlovı Varıda mülküm yoxdur” – YENİLƏNİB
Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev Çexiyanın kurort şəhəri Karlovı Varıda daşınmaz əmlakının olması barədə xəbəri təkzib edib.
"Mənim Karlovı Varıda mənzillərim yoxdur. Ola bilsin ki, haqqında söhbət gedən mülk mənim hansısa famildaşıma məxsusdur", - deyə Məhərrəm Əliyev virtualaz.org-a bildirib.
* * *23:18
Xəbər verdiyimiz kimi, “Açıq Rusiya” təşkilatının saytı Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısının Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsus olduğu barədə material yayıb.
Virtualaz.org xatırladır ki, Karlovı Varıdakı elit daşınmaz əmlak sahibləri arasında Azərbaycanda tanınmış simalar da var. Belə ki, burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, onun deputat qardaşı, Milli Məclisin üzvü Cavanşir Paşazadənin də adlarına rast gəlmək mümkündür.
Karlovı Varının mərkəzində Milli Məclisin daha bir deputatı – Adil Əliyevin də daşınmaz əmlakı var.
Adil Əliyev bu məlumata olduqca maraqlı reaksiya verib. Onun sözlərinə görə, Karlovı Varıdakı evlər Bakının Sulutəpə qəsəbəsindəki mənzillərlə, demək olar, eyni qiymətədir: "Mənim Karlovı Varıda evim var. Burada qeyri-adi nə var ki?! Həmin evi hər kəs ala bilər".
Yeri gəlmişkən, Çexiyadakı rieltor mənbələrindən virtualaz.org-a məlum olub ki, orada 120 kv.m sahəsi olan mənzilin qiyməti 360 min avro təşkil edir.
Əlavə edək ki, Adil Əliyevdən başqa Karlovı Varıda ev alanlar arasında onun böyük qardaşları – Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, hazırda Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev və keçmiş polis polkovniki Allahverdi Əliyev də var.
Mənbə:> Virtualaz.org