Çexiyadakı mənzil Sahib Mirzəyevə məxsusdur, amma generalın deyil
Xəbər verdiyimiz kimi, “Açıq Rusiya” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili İstintaq Baş İdarəsinin rəisi, general Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi olan Karlovı Varıda daşınmaz əmlakı barədə məlumat yayıb.
Saytın məlumatına əsasən, generalın dəbdəbəli evi Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşir. Evdə iki nəfər qeydiyyata düşüb: Sahib Mirzəyev və Lyudmila Mirzəyeva.
DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov həmin xəbərlə bağlı virtualaz.org-a açıqlama göndərib. Açıqlamada deyilir: “DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb.
Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə (71 yaşlı) Bakı şəhərində anadan olmuş, 2001-ci ildən (16 il) Çexiyanın Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur”.
Mənbə:> Virtualaz.org