Yola duz səpərək məşhurlaşan yol polisi haqda yeni xəbər – FOTO
Millət vəkili Aydın Mirzəzadə bir neçə gün əvvəl sosial şəbəkələrin ulduzuna çevrilmiş yol polisi ilə görüşüb.
Baku.ws xəbər verir ki, millət vəkili bu haqda “Facebook” sosial şəbəkəsində yazıb:
“Bu da günümüzün qəhrəmanı olan yol polisi baş serjantı Teymur Süleymanov.
Dünən sosial şəbəkələrdə srağagünkü axşam qarlı havada avtomillərin sürüşməməsi üçün yola öz təşəbbüsü ilə duz səpən yol polisi əməkdaşının videogörüntüsü yayıldı.
Sonradan onun yol polisi baş serjantı Teymur Süleymanovun olduğu aydınlaşdı.
Bu gün Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədova zəng edərək həmin polis işçisi ilə görüşmək istədiyimi bildirdim.
Məlum oldu ki, onun fəaliyyət marşrutu Milli Məclisə yaxındır. Hadisə də hərəkətin sıx olduğu, kəskin döngəsi ilə tanınan Teleteatr binası yanında olub.
Teymur çox təvazökar və az danışan bir gəncdir. Gördüyü işdən də elə geniş danışmağı xoşlamır. Bildirdi ki, “etdim ki, avtomobillər toqquşmasın, hadisə olmasın”.
Baş serjanta təşəkkür etdim, onun öz hərəkəti ilə Azərbaycan xalqının ən yaxşı cəhətlərini göstərdiyini vurğuladım. Məlum oldu ki, Bakıda daha bir neçə yol polis əməkdaşı eyni hərəkəti daha bir neçə yerdə ediblər. Yol polisinin həmin gecə işinə sayıq yanaşması nəticəsində heç bir ağır avtombil qəzası baş verməyib”.
Mənbə:> Baku.ws