ReAL-ın İdarə Heyətinin üzvü prokurorluğa çağırıldı
ReAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Virtualaz.org xəbər verir ki, bu barədə Azər Qasımlı özü bildirib.Onun yanvarın 28-də istintaq idarəsində olması istənilib.
Ehtimal olunur ki, Azər Qasımlının prokurorluğa çağırılması ReAL hərəkatı ilə İran diplomatı arasında bu günlərdə baş tutmuş görüşdə əldə edilən gizli sövdələşmələrlə bağlı Baş prokuror Zakir Qaralovun göstərişi ilə başladılan araşdırmalarla bağlıdır.
Xəbər verildiyi kimi Eynulla Fətullayevin haqqin.az və virtualaz.org saytlarında dərc edilmiş jurnalist araşdırmasına əsasən İranın Bakıdakı səfirliyinin ikinci katibi Mehdi Arifzadə ilə ReAL hərəkatnın nümayəndələri arasında baş tutmuş görüşdə əməkdaşlıq barədə razılaşmalar əldə olunub. Razılaşmalara əsasən səfirlik ReAL-ın İranın siyasi və dini dairələri ilə əlaqələr yaratmasına kömək edəcək, habelə iranyönümlü fəalların ReAL-a qoşulmasına şərait yaradılacaq. Görüşdə İran diplomatının ReAL-a yüksək məbləğdə maliyyə verdiyi də bildirilir.
Bu araşdırmanın dərcindən sonra Baş prokurluq xüsusi açıqlama ilə çıxış edib. Bildirilib ki, Baş prokurorun göstərişi ilə məqalədə əksini tapmış xüsusatlarla bağlı Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə göstəriş verib.
Digər məlumata görə bu gün, yanvarın 28-də ABŞ səfirliyinin diplomatları Zia Saed və Vilyam Soli ReAL Hərəkatının ofisində təşkilat rəhbərliyilə görüş keçiriblər. Bu barədə REAL rəsmisi Natiq Cəfərli “Azadlıq” radiosuna məlumat verib. Görüşdə ReAL hərəkatının İran səfirliyi ilə təmasları barədə yayılan məlumatlar da müzakirə olunub.
Mənbə:> Virtualaz.org