Bakıda 50 ailəyə evlərini tərk etmək üçün bir neçə saat vaxt verildi – VİDEO
Yaşayış binasında olan 50 ailənin elektrik xətti kəsilib. Sakinlərə evlərini tərk eləmək üçün bir neçə saat vaxt verilib. Səbəb kimi binanın qəzalı vəziyyətdə olması göstərilib.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi Zığ küçəsi bina 43-də yaşayan sakinlər, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən köçürülməyə etiraz edirlər.
Onların sözlərinə görə, kirayədə qalmaq üçün hər ailə başına 200-300 manat pul təklif edilir.
Lakin bununla razılaşmayan sakinlər qəzalı binadan köçürülmə ilə bağlı onlara əvvəlcədən xəbərdarlığın edilməməsindən narazıdırlar.
Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirib ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür.
O qeyd edib ki, baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün bütün kommunal xidmətlər dayandırılıb və sakinlərə köçürüləcəkləri barədə bir həftə əvvəl xəbərdarlıq edilib.
Mənbə:> XəzərXəbər