Balkonlar sökülür, sakinlər isə etiraz edə bilmir, çünki... – FOTO
Bu məqsədlə Nərimanov heykəlinin yanından Vergilər Nazirliyinin arxasına qədər, rayonun A.Ağayev küçəsində aparılan abadlıq işləri bu gün də Məmməd Rahim küçəsində davam etdirilib.
Adıçəkilən ərazidə balkonlar həm kranlar vasitəsilə sökülüb, həm də yolda abadlıq işləri aparılıb.
Virtualaz.org saytının reportyorları bu gün həmin küçədə olaraq söküntü prosesini izləyib, sakinlərlə söhbətləşib. Sakinlərlə söhbətimizdə məlum oldu ki, balkonların söküləcəyi barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.
Onların sözlərinə görə, bu gün tapşırılıb ki, günorta saat 3-ə qədər balkonları tamamilə boşaltsınlar. Sakinlərin bəzisi isə bildirdi ki, bu artırmalar üçün onların heç bir sənədi yoxdur.
Binada yaşayanlardan Rəhim Əliyev də bildirib ki, söküntü işləri sonradan barmaqlıqlar əlavə edilmiş və digər balkonlarla birləşdirilmiş eyvanlarda aparılır. Bunun əvəzində isə sakinlərə heç bir kompensasiya ödənilmir: “Bu binaların bəzilərinin balkon artırmalar üçün sənədi var, onlara yəqin ki, toxunmayacaqlar. Amma “reşotka”sı olan, digər balkonla birləşdirilən eyvanlarda söküntü işləri aparılır. Hazırda söküntü olan bu bina 1964-cü ildə “xruşşovka” layihəsi əsasında tikilən binalardır. Mən beşinci mərtəbədə yaşayıram. Öz balkonumdan sökülən barmaqlıqları çıxarıb bağıma aparacam”.
Binanın digər hissəsində də balkonları sökürlər. Həmin sakinlərə də əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.
Bir məqamı da vurğulayaq ki, eyvanları sökülən bina sakinləri bundan məmnun görünməsələr də etiraz etməyə də həvəsli deyildilər. Çünki onların demək olar hamısı bir ağızdan etiraf edirdi ki, bu balkonlar sənədsizdir. Yəni artırmaların heç biri qanunauyğun aparılmayıb.
Xatırladaq ki, balkonlar həm şəhərin abadlaşdırılması, həm də yaşayış binalarının xarici görkəmini pozan əlavə tikililərdən xilas edilməsi məqsədilə sökülür. Bu proses bir neçə gündür başlayıb və şəxsən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun rəhbərliyi altında həyata keçirilir. Bundan əvvəl Qurban Xəlilov küçəsindəki binaların artırmaları sökülmüşdü.
Fatimə Kərimli
Fotolar Samirə Həsənovanındır
Mənbə:> Virtualaz.org