“Lotu Quli” Yekatrinburqa “ordu” yeritdi
Məşhur kriminal avtoritet, hazırda Bakıdakı həbsxanalardan birində cəza çəkən Nadir Səlifov (“Lotu Quli” ) özünün çoxsaylı tərəfdarlarından ibarət desantı Rusiyanın Yekatrinburq şəhərinə yeridib.
Virtualaz.org xəbər verir ki, bu barədə “Arqumenti i Faktı-Ural” yazır. Məlumatlı mənbə “AiF-Ural”ı məlumatlandırıb ki, “Lotu Quli”nin 30-dan çox adamı bu günlərdə Yekatrinburqa göndərilib və onları Sverdlovsk vilayəti üzrə azərbaycanlı diasporunun nümayəndələri qəbul edib. Məqsəd ötən ilin avqustunda İstanbulda güllələnmiş azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin məkanı olan Yekatrinburqda biznesin həcmini müəyyənləşdirmək, haqq-hesab aparmaqdır.
Bildirilir ki, “Lotu Quli”nin göndərdiyi qrup idmançı cüssəli gənclərdən ibarətdir. Məlum olduğu kimi “Rövşən Lənkəranski” Uralda, eləcə də bütün Rusiya ərazisində göyərti ticarətinə “krışalıq” edirdi və ticarətçilərdən aylıq haqq alırdı. Lakin Lənkəranski öldürüləndən sonra onun qruplaşması başsız qaldı və nəticədə Yekatrinburq bazarlarındakı ticarətçilər “kassa”ya pul ödəməyi dayandırdılar. Söhbət ayda bir neçə yüz min dollardan gedir. Lənkəranskiyə haqq ödəyənlərin bir çoxu “Lotu Quli”nin “krışası” altına keçməyə razılaşıb. İndi “Lotu Quli” öz adamlarını ora göndərərək qalanların da ona biət etməsini təmin etmək, ayda kimin nə qədər haqq ödəməli olduğunu müəyyənləşdirmək məqsədi güdür.
Sverdlovsk vilayəti üzrə Daxili İşlər İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, onlarda “Lotu Quli”nin Yekatrinburqa desant göndərməsi haqda məlumat yoxdur, bu səbəbdən şərh verə bilməyəcəklər. Bununla belə məlumatlı mənbə bildirib ki, “Lotu Quli”nin adamlarının Yekatrinburqda olması dəqiq qeydə alınıb. Mənbə həmin qrupun ən nüfuzlu üzvü kimi iki qardaşın adını çəkir, onlardan birinin adı Şahindir. Şahin qrupda başçıdır və həm danışıqlar aparmaq, həm pul yığılmasına dair daha aktiv hərəkətlər etmək səlahiyyəti var.
Əsas fəallığın Yekatrinburqdakı qalmaqallı 4 saylı meyvə-tərəvəz topdansatış bazasında olacağı gözlənilir. Həmin baza Lənkəranskiyə haqq ödəyən obyektlərdən biri idi. Mənbə bildirir ki, Sverdlovskdakı iri azərbaycanlı biznesmenlərin çoxu artıq “Lotu Quli”nin avtoritetini tanıdıqlarını bildiriblər və ona haqq ödəməyə razılaşıblar.
Xatırladaq ki, Lənkəranskinin öldürülməsində “Lotu Quli”nin rolu haqda dəfələrlə məlumatlar yayılıb. Onların arasında uzun müddətdir düşmənçilik mövcud idi. Lənkəranskinin öldürülməsindən sonra onun Moskvadakı obyektləri də “Lotu Quli”nin tabeçiliyinə keçib.
Mənbə:> Virtualaz.org