Parisdə ilk sürücüsüz avtobus təqdim olundu – VİDEO
Paris şəhər rəhbərliyi ilk sürücüsüz avtobusu təqdim edib. Yaxın aylar ərzində bu avtobus test rejimində şəhərin iki vağzalı arasında hərəkət edəcək.
AzNews.info CBC.az-a istinadla xəbər verir ki, çox da böyük olmayan bu elektrik avtomobilin marşrut xətti də qısadır. Fransanın Lion vağzalından Austerlits dəmiryolu vağzalına qədər olan məsafəni qət edən avtobusun ən uzun yolu 130 metrdir.
Elektrik mühərriki ilə işləyən bu nəqliyyat vasitəsinə 12 nəfər sərnişin yerləşir. Xüsusi proqramlaşdırılmış bu avtobus sürücü olmadan, sərbəst şəkildə yerindən tərpənir, qapıları açılır və bağlanır, sürəti tənzimlənir. Hətta yolda hər hansı bir maneə ilə üzləşən zaman əyləci də basır. Bu avtobusların yoluna başqa nəqliyyat vasitələri daxil olmur. Onlar lazer işıqlar və kameralarla təchiz ediliblər.
Maraqlıdır ki, bu avtobuslar geri çevrilmirlər. Son dayanacağa çatanda, yenidən gəldikləri yolla geriyə doğru hərəkətə başlayırlar.
Hökumət hesab edir ki, sürücü olmadan idarə edilən bu kiçik nəqliyyat vasitəsi gələcəkdə böyük dəyişikliklərə səbəb olacaq.
Kristof Naydovski, Paris merinin nəqliyyat məsələləri üzrə müavini: “XXI əsrin şəhəri əlbəttə ki, XX əsrdəki şəhərə bənzəyə bilməz. Ona görə də biz sabahın Parisini yaradırıq. Bu baxımdan, ictimai nəqliyyatda sürücüsüz elektrik avtobusların olması gələcəkdə mobillik məsələsini qaldırmağa imkan verir”.
Amma heç də şəhər sakinlərini hamısı bu fikirlə razı deyil.
Hose Qomes, sürücü: “Avtobusa çox az adam yerləşir və asta gedir. Düzdür, elektrikdir, havanı çirkləndirmir. Lakin o heç vaxt ənənəvi avtobusu əvəz edə bilməz”.
Arzu edən hər kəs sürücüsüz avtobusda aprelin 7-nə qədər pulsuz gəzə bilər. Hələlik bu layihə eksperimental hesab edilir. Ancaq uğur qazanacağı təqdirdə, şəhər rəhbərliyi sayın arta biləcəyini deyir.
Mənbə:> CBC.az