Bakıya yeni sərnişin avtobusları gətirildi – FOTO
Bu gün Bakıya gətirilmiş yeni avtobusların təqdimat mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Türkiyə-İtaliyanın birgə “Karsan” şirkətinin istehsal etdiyi avtobuslar “Atak” adlanır.
Azərbaycanın Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərovun sözlərinə görə, Nəqliyyat Nazirliyinin təşəbbüsü və tövsiyyəsi ilə Avropada, o cümlədən Türkiyədə istehsal olunmuş yeni nəqliyyat vasitəsi Bakıya gətirilib.
“Nəqliyyat Nazirliyi tərəfindən yeni nəqliyyat vasitələrinin gətirilməsi və köhnələrinin əvəzlənməsi barədə tapşırıq verilib. Məqsəd odur ki, ilin sonunadək köhnə, işləməyən nəqliyyat vasitələri yeniləri ilə əvəzlənəcək və sərnişinlərin rahatlığı təmin olunacaq”, - deyə, Ə.Cəfərov bildirib.
Onun sözlərinə görə, ilk öncə şəhərin mərkəzindəki avtobuslar, daha sonra isə şəhər ətrafındakı marşrut xətləri ilə işləyən avtobuslar tam yeniləcək.
Yeni avtobuslarda barədə məlumat verən “Çinar-Trans” MMC-nin direktoru Etibar Manafov bildirib ki, avtobuslarda 25 oturaq yer nəzərdə tutulub. Bundan başqa, 30-dək sərnişin avtobusda ayaq üstə dayana bilər.
Avro-5 ekoloji standartlarına tam cavab verən avtobuslar havanı çirkləndirmir.
“Belə ki, mühərrikdən ayrılan zərərli qaza qatılan “edbol” adlı maddə həmin qazı tam zərərsizləşdirir və avtobusun tüstü borusundan təmizlənmiş, isti hava çıxır”, - deyə, E.Manafov bildirib.
Onun sözlərinə görə, “Atak”lar 5 kamera ilə təchiz olunub.
“Kameralardan 3-ü daxildə, 2-si isə xaricdə yerləşir, həmçinin arxa görünüş kamerası da mövcuddur. Sürücü kabinəsində isə monitor quraşdırılıb. Sürücü monitor vasitəsilə avtobusun salonunu tam müşahidə edə bilir. Sürücü həmçinin səsgücləndirici sistemdən istifadə edərək, sərnişinlərə müraciət edə bilər. Bundan başqa, avtobuslarda yastıq sistemi də tətbiq olunur. Eniş yaxud yoxuşla hərəkət edərkən, avtobusun müvafiq olaraq ön və ya arxa hissəsinin hündürlüyü avtomatik tənzimlənir, beləliklə də, sərnişinlərin rahatlığı təmin olunur”, - deyə, o, vurğulayıb.
E.Manafov həmçinin bildirib ki, avtobusların daxilində quraşdırılmış monitor vasitəsilə sərnişin dayanacaqlar barədə operativ məlumat ala biləcək.
Sərnişin avtobusunda kondisioner və istilik sistemləri də quraşdırılıb. Avtobuslarda əlil şəxslərin rahatlığını təmin etmək üçün xüsusi lift sistemi var. Bundan başqa, sərnişinlərin avtobusa rahat minməsi və düşməsi üçün onun hündürlüyünü tənzimləmək mümkündür – zərurət yarandıqda, avtobus sağ və ya sol tərəfə əyilə bilər.
“Hələlik 88 saylı marşrut üçün 15 avtobus gətirilib, gələcəkdə isə belə avtobusların sayının 100-ə çatdırılması nəzərdə tutulur”, - deyə, “Çinar-Trans” MMC-nin rəhbəri bildirib.
Mənbə:> Oxu.Az