Azərbaycanda gənc ailələrin inkişafına dəstək üçün yeni təşkilat yarandı
“Ailələrin inkişafı üzrə maarifləndirmə" ictimai birliyinin yaxın müddət ərzində sosial və ictimai layihələri gözlənilir.
Azərbaycanda ailə institutunun maarifləndirilməsinə və hərtərəfli inkişafına dəstək üçün yeni qeyri-hökumət təşkilatı təsis edilib. İctimai birlik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Birliyin başlıca məqsədi Azərbaycan ailələrinə informativ və mənəvi dəstək vermək, valideyn məsuliyyətinin yeni normalarını formalaşdırmaqdır.
Müasir dünyada gənc ailənin rolu böyüyür, bununla da ailə dəyərlərini - sevgi, sədaqət, anlaşma, inam, ailə ənənələrini möhkəmləndirməyə ehtiyac yaranır. Bu təşkilat lazım olan istiqamətdə köməklik göstərəcək.
“Ailələrin inkişafı üzrə maarifləndirmə” ictimai birliyinin gələcək planlarında sosial layihələr, aksiyalar və ictimai kampaniyalar var. Layihə çərçivəsində ailənin ictimailəşməsində, pozitiv və konstruktiv ünsiyyət üçün şərait yaradılacaq, şəxsi inkişaf üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə faydalı görüşlər, treninqlər keçiriləcək.
Təşkilatın əsas məqsədlərindən biri bütün dünyada digər birliklərlə əlaqələrin aktivləşdirilməsi və əməkdaşlığın qurulması, həmçinin yerli dövlət və qeyri-hökumət təşkilatları ilə məhsuldar əməkdaşlıq qurulmasıdır. Bir mühüm faktı diqqətə çatdırmaq lazımdır ki, bu təşkilat səbəbsiz, bir saat ərzində, təsadüfi yaranmayıb. Onun yaranması və formalaşmasının təməlini artıq üç ildir Bakıda fəaliyyət göstərən “Active Mom's Club” qoyub. Müxtəlif peşə sahibi və aktiv həyat tərzi olan qadınları birləşdirən ictimai birliyin fəaliyyətinin bir qismi maraqlı görüşlər, ictimai tədbirlərdir.
Üçillik əmək boşuna deyildi, bundan sonra təşkilat fəaliyyətini yeni formatda davam etdirərək beynəlxalq səviyyədə irimiqyaslı layihələrini təkcə Bakıda yox, Azərbaycanın bütün bölgələrində, eləcə də ölkənin hüdudlarından kənarda reallaşdıracaq. “Active Mom’s Club” uğurlu layihə kimi yeni yaranan qeyri-hökumət təşkilatı çərçivəsində fəaliyyət göstərəcək.
Mənbə:> Oxu.az