“Azərenerji”: enerji təminatında yaranmış fasilə tez bir zamanda aradan qaldırılacaq
“Səngəçal qəsəbəsində qaz xəttində baş verən qəza ilə əlaqədar “Azərenerji” ASC-nin qazla işləyən iki elektrik stansiyasında – 400 MVt gücündə “Şimal” ES və 525 MVt gücündə “Sumqayıt” ES-da istehsal prosesi məcburi olaraq dayandırılıb".
Bu barədə Azərenerji"nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.
Açıqlamada deyilir ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir: “Azərenerji” ASC-nin prezidentinin rəhbərliyilə həyata keçirilən operativ tədbirlər nəticəsində enerji sisteminin mövcud dayanıqlığı təmin edilib və qəzanın nəticələrinin genişlənməsinin qarşısı alınıb. İstehlakçılar üçün qısamüddətli məhdudiyyətin tətbiq edilməsinə baxmayaraq, bütün ehtiyat güclərin səfərbər edilməsi ilə tez bir zamanda yaranmış fasilə aradan qaldırılacaq”.
* * *12:45
Bu gün səhər Səngəçal qəsəbəsi yaxınlığında yüksək təzyiqli qaz kəmərində partlayışın baş verməsi nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
Bununla əlaqədar olaraq “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilmiş və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb. Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən virtualaz.org-a daxil olmuş açıqlamada bildirilir. Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir.
* * *12:12
Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.
Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Media nümayəndələri təhlükəsizlik məqsədiylə əraziyə buraxılmır. Hazırda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.
* * *11:40
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birindəki partlayışla bağlı SOCAR da məlumat yayıb.
Qeyd olunub ki, hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.
* * *11:18
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə vasitəsilə bildirib ki, partlayış hadisəsi Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində baş verib.
Burada «Azəriqaz»ın Qaz İxracı İdarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xətti partlayıb. Alov bəzi evlərə də sirayət edib. FHN bildirir ki, xəsarət alanlar yoxdur.
* * *10:49
Bu gün saat 10 radələrində Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb.
Lent.az-ın məlumatına görə, Səngəçal qəsəbəsi yaxınlığından keçən boru xəttində başlayan alışma şiddətlənib və güclü yanğına keçib.
Dövlət Yanğından Mühafizə Xidmətindən sayta bildirilib ki, yanğın ərazidən keçən qaz borusunda baş verib. Əraziyə xeyli texnika və yanğınsöndürən cəlb edilib.
Criminal.az saytının məlumatına görə isə ölənlərin olduğu deyilir. Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb.
Zavodda həyəcan siqnalı verilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirir ki, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Mənbə:> Virtualaz.org