“Mədəniyyət.AZ” jurnalının bu sayında nələr var? – FOTO
“Mədəniyyət.AZ” jurnalının növbəti sayı hörmətli oxucuların ixtiyarına verilib. Elə ilk səhifələrdə milli qürur mənbəyimiz olan 18 oktyabr – Müstəqillik Gününə yer ayrılmaqla, suveren ölkəmizin 25 il ərzində keçdiyi yola nəzər salınır. “Nisgilimiz-Qarabağ” rubrikasında xain hücum nəticəsində Xocavənd və Zəngilanın düşmən əlinə keçməsi xatırlanır, vətənpərvərlik mövzusunda yazılar təqdim olunub.
Bildiyiniz kimi, dövlət başçısının müvafiq sərəncamları ilə Xalq şairi Süleyman Rüstəmin 110, Ənvər Əlibəylinin isə 100 illik yubileyləri qeyd edildi ki, müvafiq olaraq “Azərbaycanın poetik ensiklopediyası” və “Nəğməyə dönən ömür” məqalələrində tanınmış şairləri ibrətamiz həyat və yardıcılıqları barədə söhbət açılır. O cümlədən, Azər Turanın müsahibə janrında qələmə aldığı “Turan Cavidin son söhbəti” yazısında görkəmli ədib Hüseyn Cavidlə bağlı maraqlı faktlara rast gələcəksiniz.
AzNews.info xəbər verir ki, “Bu kino ki var...” bölümündə görkəmli ssenarist Ramiz Fətəliyev, istedadlı operator Rasim İsmayılov kimi sənətkarların ömür yolundan danışılır, yaratdıqları həmişəyaşar əsərlər sadalanır.
Teatrlarımızın bu günündən “Azərbaycan Dövlət Musiqili Teatrında”, rəngkarlıq üzrə tanınmış rəssamlar Toğrul Nərimanbəyov və Əyyub Hüseynovun yaradıcılığından bəhs edən; muzeylərimiz barədə “Daşlar sirrini açır”, “Azərbaycan xalçalarının ornamentləri”, “Biz müstəqil Azərbaycanın həmyaşıdıyıq” və digər yazılardan məlumat almaq mümkündür.
Azərbaycanda turizmin inkişafının ən yeni mərhələsi, termal təsisatlar, Bakı əcnəbilərin gözü ilə mövzuları üzrə isə turizm bölümündə geniş bilgi verilir.
Həmişəki kimi, gənc alim və tədqiqatçıların elmi araşdırmalarına da səhifələrimizdə geniş yer verilib.
“Ənənə” rubrikasında Bakıda keçirilən Çörək festivalı və Göyçayda təşkil olunan Nar bayramı barədə əməkdaşlarımızın qeydləri yer alıb.
Ümid edirik ki, “Mədəniyyət.AZ” dərgisinin bu sayı da böyük oxucu sevgisi və marağı ilə qarşılanacaq.
Mənbə:> AzNews.info