“Nəzakətli adamlar” Litvaya daxil oldu – KRIM SSENARİSİ
Litvanın paytaxtı Vilnüsdə rus kitablarının satıldığı mağazalarda geyimlərində tanınma nişanı olmayan, başdan ayağa silahlanmış Rusiya hərbçilərinin-“nəzakətli adamlar”ın oyuncaq fiqurları satışa çıxarılıb. Virtualaz.org xəbər verir ki, bu fakt Litva rəsmi dairələrində ciddi təşvişə səbəb olub.
Qutusunun üzərində “Müasir rus piyadası “Nəzakətli adamlar” yazılmış sökülüb-yığılan əsgər fiqurları Vilnüsün dəmir yol vağzalının yaxınlığındakı kitab mağazasında satılır. Oyuncaqların Rusiyadan daxil olduğu bildirilir. Oyuncaqları “Zvezda” firması istehsal edib. Yerli sakinlər bu oyuncaq əsgər fiqurlarını mağazada görərək onun fotosunu çəkiblər və sosial şəbəkələrdə paylaşıblar. Və latviyalılar sual edirlər: “Bu cür oyuncaqların Latviya ərazisində satışının təşkil edilməsində məqsəd nədir?”
Litva Seyminin üzvü Arvidas Anuşauskas bildirib ki, belə oyuncaqların ölkədə satışına yol verilməməlidir. “Son iki ildə “Nəzakətli adamlar” anlayışının nəyi ifadə etdiyini hamı görüb. Bu anlayış Krımın ilhaqını əks etdirir”-deputat deyib. O, etiraf edib ki, Litvanın belə hallara çevik reaksiya vermək, oyuncaqları meşoklara doldurub Rusiyaya geri yola salmaq mexanizmi yoxdur.
Parlamentin milli müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Vitautas Bakas isə məsələdən xəbər tutanda heyrətini gizlədə bilməyib: “Aman Allahım!”
Xatırladaq ki, 2014-cü ilin fevralında qəfildən Krımda tanınma nişanları olmayan hərbi geyimdə, təpədən-dırnağa silahlanmış hərbçilər peyda oldu. Onların Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları olduğu deyilsə də Moskva bunu etiraf etmirdi. Əvəzində bildirirdi ki, həmin adamlar “rus ordusunun hərb geyimini mağazadan alıb geyinən” yerli könüllülər ola bilər. “Nəzakətli adamlar”, yaxud “Yaşıl adamlar” adı alan rus xüsusi təyinatlıları ildırım sürəti ilə Krımda bütün strateji obyektləri nəzarət altına aldı. “Nəzakətli adamlar”ın Krımda peyda olması sonda yarımadanın Rusiyaya birləşdirilməsi ilə başa çatdı.
Həmin vaxtdan Baltik ölkələri də Rusiyanın eyni ssenarini onlara qarşı tətbiq edəcəyindən narahatlıq keçirirlər. Rusiyanın Kalininqrad vilayətinə böyük qüvvə cəmləşdirməsini nəzərə alan ekspertlər Krım ssenarisinin Baltik ölkələrinə qarşı tətbiqini tamamilə mümkün sayırlar.
Mənbə:> Virtualaz.org