Xalq şairi infarkt keçirdi
Ötən gün Xalq şairi Fikrət Qoca infarkt keçirib.
ANS PRESS-in məlumatına görə, dünən saat 19:17-də onun halı pisləşib. Şair üçün təcili yardım çağırılıb.
İlkin müayinə zamanı ona ürəyin işemik xəstəliyi diaqnozu qoyulub. Xalq şairi Kliniki Tibbi Mərkəzə aparılıb.
Xəstəxanadan bildirilib ki, Fikrət Qoca infarkt keçirib.
Xalq şairinin qardaşı Hamlet Qoca APA-ya bildirib ki, F.Qoca müalicə olunmaq üçün Türkiyənin İstanbul şəhərinə aparılıb:
“Fikrət dünən axşam saatlarında infarkt keçirib. Fikrət İstanbuldakı "Amerikan" Xəstəxanasında müalicə olunacaq”.
Xatırladaq ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
Mənbə:> ANSPRESS