Respublika yollarında son vəziyyət
Azərbaycanda şaxtalı hava şəraiti nəticəsində respublikanın yollarında ciddi problemlər yaranmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
A.Nəcəfli bildirib ki, bir az dağlıq rayonlarda, Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolunda buzlaşma var idi:
“Görülən tədbirlər nəticəsində həmin problemlər aradan qaldırılıb”.
A.Nəcəfli Bakı yollarında da ciddi problemlərin omadığını diqqətə çatdırıb. O bildirib ki, buzlaşmanın qarşısını almaq üçün xüsusən körpülərə, enişli-yoxuşlu yollara duz-qum qarışığı səpilib:
“Ancaq bu, tam olaraq sürüşmənin qarşısının alınacağı demək deyil. Sürücülər özləri də bu havalara hazır olmalıdırlar. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qış rejiminə hazır olmalıdır. Avtomobillərin şinləri qış şinləri olmalıdır. Əgər sürücü avtomobili yay şini ilə sürürsə, sürüşmə ehtimalı yoxdur, deyə bilmərik və bu halda əlbəttə ki, sürüşmə ehtimalı var”.
Mənbə:> Oxu.az