Təhlükəli yollar – SİYAHI
Azərbaycan qarlı hava şəraitilə bağlı yol polisi sürücülərə xəbərdarlıq edib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ANS PRESS-ə verdiyi məlumata görə, sürücülər əlverişsiz hava şəraitilə əlaqədər diqqətli olmalıdırlar. Yol polisi hazırda bütün yollara qar yağdığını bildirib.
“Hazırda respublikanın bütün yollarında qar yağır. Quba rayonu, Muğanlı-İsmayıllı, Mərəzə, Ağsu aşırımı istiqamətində yollarda hərəkət çətinləşib. Həmin ərazilərdə yollarda qar dolduğu üçün oranı təmizləmək çətinləşib. Bu səbəbdən həmin istiqamətdə sürücülər ehtiyatlı olsunlar. Artıq Lənkəran və Astara rayonlarına da qar yağmağa başlayıb”, - də Kamran Əliyev bildirib.
Yol polisi Bakıda da bəzi ərazilərdə yolların axşam buz bağlayacağını ehtimal edir: "Əsasən Yeni Yasamal ərazisində, dairəvi yollarda, hündür ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur. Həmin ərazilərdə sürücülər diqqətli olsalar daha yaxşıdır".
Yol polisi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağmurlu hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və əyləc məsafəsinin uzanmasına səbəb olur. Bu baxımdan sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər.
"Sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadə etməyi tövsiyyə edirik. Tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır", - deyə Kamran Əliyev bildirib.
Qeyd edək ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Çovgun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var.
Havanın temperaturu gecə 2-4 dərəcə isti , gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru 2 dərəcəyə yaxın şaxta olacaq.
Mənbə:> ANSPRESS