Azərbaycanda atanın doğuşu izləməsinə icazə verilir
Artıq bütün dünyada kişilər öz uşaqlarının dünyaya gəlməsi prosesini izləyirlər. Hətta əllərində fotoaparat həmin anları çəkirlər də. Bəs Azərbaycanda necə? Kişilər həyat yoldaşlarının doğum prosesini izləyə bilərlərmi?
Aznews.info-un teleqraf.com-a istinadla məlumatına görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov açıqlamasında bildirib ki, xanımı razı olsa, onun həyat yoldaşı təbii doğuşda və qeysəriyyə əməliyyatında iştirak edə bilər:
“Bəzi klinikalarda uşağın atası müşahidəçi kimi doğuş otağına keçir. Bunun üçün əvvəlcədən həkim hamilə qadın və həyat yoldaşı ilə danışır. Xanımın həyat yoldaşı əməliyyatda iştirak gücünə qadirdirsə, icazə verilir və o, prosesi izləyir”.
Həkim deyir ki, təbii doğuşa icazə daha asan başa gəlir:
“Çünki təbii doğuş zamanı sterillik baxımdan tələb olunan şərtlər daha yüngüldür. Qeysəriyyə əməliyyatının müşahidəsində isə xüsusi paltar geyinmək və həkimin göstərişi əsasında əməliyyat otağında müəyyən nöqtədə dayanmaq lazım gəlir. Əməliyyat zamanı xanımın həyat yoldaşı onun başının ucunda durmalıdır. Əlindən tuta bilər, baş tərəfində dura bilər. Onun həkimlər işləyən tərəfə keçməsi məsləhət deyil. Çünki bəzən müşahidəçilər qan gördükdə və yaxud başqa gözlənilməz hal olduqda vəziyyətləri pisləşir, özlərini itirirlər”.
Təbii doğuşda xanımın yanında həyat yoldaşının dayanmasını daha məsləhətli hal sayan həkimin sözlərinə görə, təbii doğuş uzun çəkir:
“Proses uzun çəkir və həyat yoldaşının doğuş prosesini izləməsi xanıma müsbət təsir göstərir. Kişi psixoloji olaraq xanımına dəstək olur və onun qorxusunu, həyəcanını azaldır. Nəticədə bu müddət xanımlar üçün daha yüngül keçir. Bütün mənfi hisslər ikiqat azalır, ərlə arvad arasındakı bağ möhkəmlənir. Uşağı ana-ata birlikdə qarşılayır”.
Turab həkim deyir ki, son zamanlar doğuşda iştirak etmək istəyən ataların sayı artıb:
“Bizə müraciət edən hamilə qadınlardan hər 5 nəfərdən birinin həyat yoldaşı doğuşda iştirak etmək istəyir. Biz “Facebook” səhifəmizdə sorğu apardıq. Məlum oldu ki, insanların 90 faizi öz uşaqlarının dünyaya gəlməsini izləməyi arzulayırlar.
Əvvəllər prosesi izləmək istəyənlər az olurdu, indi isə vəziyyət dəyişib. Bu, müsbət haldır. Şərt deyil ki, ata doğuşu tam izləsin, prosesləri əvvəldən-axıra görsün”.
Turab Canbaxışov qeyd edib ki, klinikalarda müşahidəçinin doğum prosesində iştirakı ödənişlidir:
“Bu məbləğ doğuş və əməliyyat prosesinin sterilliyini təmin etmək üçün müşahidəçiyə verilən ləvazimatlara xərclənir. Hər bir klinikada ödəniş məbləği fərqlidir. Qiymət o qədər də böyük deyil. Respublika üzrə qiymət 50-100 manat arası dəyişir”.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ataların uşaqlarının doğum anlarını videogörüntüyə almasına da müsbət münasibət göstərilir:
“Doğuşun gedişatında xarici cinsiyyət üzvlərinin görünməsini nəzərə alaraq şəkil və video çəkilişinə doğuşdan dərhal sonra icazə verilir. Lakin əsas üstünlük şəkil çəkilişinədir... Qeysəriyyə əməliyyatı zamanı isə həm video, həm də səkil çəkilişi mümkündür”.
Mənbə:> Teleqraf.com