Nazir müavini: Müəllimlərin maaşı yeni qayda ilə hesablanacaq
Azərbaycanın 26 rayonunda noyabr-dekabr aylarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçənlər üçün əmək haqqı sisteminin yeni qayda ilə hesablanmasına gələn ildən başlamaq nəzərdə tutulur.
Aznews.info Fins.az-a istinadən xəbər verir ki, Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsinə iki il əvvəl başlanılıb: “İlk olaraq 2014-cü ildə Bakı şəhərində diaqnostik qiymətləndirmə keçirilib.
2015-ci ildən artıq yeni qaydalarla dərs yükü normasının müəyyənləşdirilməsi və bunun əsasında da əmək haqqının hesablanması həyata keçirildi”.
Nazir müavininin sözlərinə görə, ötən il ölkənin 3 şəhər və 9 rayonunda qiymətləndirilmə davam etdirilib, bu il 26 rayonda noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılır:
“Bununla da biz ölkə üzrə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsini 70 faizə çatdırmağı planlaşdırırıq. Başqa sözlə, islahat təxminən 100 min müəllimi əhatə edəcək”.
C.Bayramov deyib ki, hazırda Təhsil Nazirliyinin işçi qrupu diaqnostik qiymətləndirmə keçiriləcək 26 rayonda işçi səfərindədir: “Orada görüşlər keçirilir, müəllimlərə prosedurlar izah edilir. Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi nəzərə alınacaq”.
Mənbə:> Fins.az