Şöbə müdiri: “Məktəblərdə adı olub, özü olmayan minlərlə müəllim var"
"Təhsil sistemində, məktəblərdə yüzlərlə, minlərlə adları gedən və özləri olmayan müəllim var. Müəllimlərin diaqnostik qiymətləndirilmədən keçirilməsi bu məsələdə bizə kömək etmiş oldu".
Bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev jurnalistlər üçün keçirilən təlimdə deyib. Onun sözlərinə görə, 2014-cü ildə Bakıda keçirilən qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6500-ü ibtidai sinif müəllimi olub. Ən böyük problemin həmin müəllimlərlə bağlı olduğunu deyən şöbə müdiri qeyd edib ki, onlar arasında təhsil səviyyəsi aşağı olanlar çoxdur: "Hətta elə olurdu ki, elmi dərəcəsi olanlar 5-6 suala ancaq cavab yaza bilirdi. İmtahan nəticələrindən narazı qalan 3000 müəllimlə görüşdük, əsas məqsədi başa saldıq. Dedik ki, onlarla yanaşı, digər müəllimlərin fərqi bilinməlidir. Ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir".
Nazirlik rəsmisi qeyd edib ki, müəllimlərin özləri keyfiyyətləri baxımından fərqlənir. Onun fikrincə, məktəblərdə çox hallarda müəllimə qarşı ədalətsizliklər olur: "Təcrübə göstərirdi ki, biliyindən arxayın olanlar imtahanlarda da yüksək nəticə əldə ediblər. İmtahan nəticələri hər birini direktora ayrıca zərfdə verilib. Bununla da direktor müəllimlər arasındakı fərqi bilirdi. Hətta bir çox direktor qiymətləndirmədən sonra bizə təşəkkür də edirdilər. Çünki məktəbdə fironluq edən müəllimlər imtahandan sonra sakit kənara çəkilirdi. Nəticədə çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb getdi. Qiymətləndirmədən sonra fərqi, əmək haqqı fərqini gördükdən sonra bölgə müəllimləri özləri müraciət etdilər ki, onlarla da imtahanlar aparılsın ".
Mənbə:> APA