Bakıda avtobuslarda GPS sistemi quraşdırılacaq » AzNews.info -Xəbər portalı

Bakıda avtobuslarda GPS sistemi quraşdırılacaq

Bakıda avtobuslarda GPS sistemi quraşdırılacaq


Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş gəlişinin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir. Bu çərçivədə Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib. Sözü gedən tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir.
AzNews.info xəbər verir ki, daşıyıcılar qarşısında qoyulan növbəti tələb müntəzəm sərnişindaşımada istifadə edilən avtobusların Qlobal Mövqetəyinetmə Sistemi (“GPS”) qurğusu ilə təchiz edilməsi ilə bağlıdır. “GPS” izləmə cihazlarının quraşdırılması Bakı Nəqliyyat Agentliyinin qarşısında qoyulan tapşırıqların icrasının təmin edilməsi, həmçinin avtobuslarla müntəzəm sərnişindaşımalarında keyfiyyətin, səmərəliliyin, o cümlədən yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində görüləcək işlərin sürətləndirilməsi baxımından məqsədəuyğun hesab edilir. Belə ki, bu avadanlıqlar vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaqdır. Beynəlxalq təcrübədə geniş istifadə edilən “gps” izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcəkdir.
Bundan əlavə, gün ərzində şəhər mərkəzinin küçə və prospektlərindən, eləcə də kənd və qəsəbələrdən keçən 2000-dən artıq avtobusda quraşdırılacaq “gps” izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcəkdir. Eyni zamanda, “gps” izləmə cihazları vasitəsi ilə müntəzəm sərnişindaşımalarda istismar edilən avtobusların gün ərzində dövrələrinin sayına, sürücülərin avtobusları dayanacaqdan kənarda saxlamalarına, avtobusları hansı sürətlə idarə etmələrinə dair statistik məlumatlar qeydə alınacaqdır ki, həmin məlumatlar əsasında müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcıların, onların sürücülərinin qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə hansı səviyyədə riayət etmələri müəyyənləşəcəkdir. Aşkarlanacaq qayda pozuntularının (sürət həddini aşma, dayanacaqdan saxlamadan keçmə, kənar dayanacaq və.s) növünə görə daşıyıcılar, sürücülər inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, həm də ehtiyac yarandığı halda sərnişindaşıma qaydalarının pozulmasına görə müvafiq qaydada daşımalardan kənarlaşdırılacaqdır.
Bundan başqa qeyd etmək istərdik ki, gələcəkdə müntəzəm marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsində, onların göstərdikləri xidmət səviyyəsinin qiymətləndirilməsində “gps” izləmə cihazlarından əldə olunan statistik məlumatlar mühüm rol oynayacaqdır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *