Sürücülər üçün yeni qaydalar
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliklər edilməsi nəzərdə tutulur.
“Yol hərəkəti haqqında” qanunun 84-cü maddəsinin 3-cü bəndinə ediləcək dəyişikliyə görə, inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını özündə saxlamaq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri sırasından çıxarılır. Həmin maddənin redaktə edilmiş 6.1-ci bəndinə əsasən, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirməlidir.
Maddəyə əlavə edilmiş 6.2-ci bəndə görə isə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verməlidir.
Qanunun 85-ci maddəsinin 2.1-ci bəndinə edilən dəyişikliyə görə, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu xüsusi texniki vaxitələrdən istifadə etməklə müəyyən olunduqda həmin sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilməyəcək.
Həmin maddənin 5-ci bəndi isə ümumiyyətlə ləğv edilir. Həmin bəndə görə, nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparırdı (əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərirdi).
Bundan başqa, 85-ci maddənin 10-cu bəndi yeni redaksiyada veriləcək. Dəyişikliyə əsasən, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı bu qanunun 52-ci maddəsinin dördüncü və altıncı hissələrində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, İXM-in 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərəcək. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda İXM-in 429-5.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyacaq.
Həmin maddənin 13-cü bəndi də dəyişdiriləcək. Dəyişikliklərə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.
Milli Məclis tərəfindən həmçinin qanunun 85-1-ci (Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası) maddəsinin adı və mətninin ümumiyyətlə ləğv edilməsi nəzərdə tutulur. Dəyişikliklərdən sonra 85-1-ci maddə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat” adlanacaq. Yeni redaksiyada veriləcək maddəyə görə, yol hərəkəti qaydaları əleyhinə olan xətalar haqqında işlər üzrə icraat İXM ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
İXM-in 429-5-ci (İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsinə ediləcək əlavəyə görə, bu Məcəlləsinin 429-5.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Məcəllənin 429-6.2.2-ci (İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma) maddəsinə edilən əlavəyə görə, nəqliyyat vasitəsinin istifadəçisinin mobil telefon nömrəsinə göndərilən SMS-də digər məlumatlarla yanaşı, onun inzibati xətanı törətdiyi vaxt barədə məlumat da yer alacaq.
İXM-in 452-ci (İnzibati cərimənin edilməsi haqqında qərarın icrası) maddəsinə edilən əlavədə isə qeyd edilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərəcək.
Mənbə:> Trend