Attestasiyaya hazırlaşanlara xoş xəbər
Bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağan olunacaq. ANS PRESS-in məlumatına görə, Milli Məclisin bu günkü iclasında “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Qanunun 31.5-ci maddəsinə də dəyişiklik ediləcək. Bu maddənin yenilənmiş variantına görə, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir. Bunlar attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.
“Dövlət qulluğu haqqında” qanunun 31.16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə görə isə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq.
Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə bildirilir ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyulub və təsdiq edilib.
Mənbə:> ANSPRESS