Sürücülərin diqqətinə: Bu benzindən istifadə etməyin – VİDEO
Hazırda ölkəmizdə “Avro-4” standartına cavab verən avtomobillərin əksəriyyəti “Aİ-92” markalı benzin ilə idarə olunur.
Avtomobil üzrə ekspert Elçin Abbasov bunu təhlükəli hesab edir. Onun sözlərinə görə, dünya standartından fərqli olaraq, Azərbaycanda satılan “Aİ 92” markalı benzinin tərkibində kükürd çoxdur. Ekspert bildirib ki, kükürd yanma zamanı qətrana çevrilir və zamanla avtomobilin mühərriyinin sıradan çıxmasına səbəb olur.
E.Abbasov hesab edir ki, hətta zavod tərəfindən avtomobilə “Aİ-92” markalı benzin tökmək tövsiyyə edilsə belə, sürücülərin bu benzindən istifadə etmələri məqsədəuyğun deyil.
Bu benzindən istifadə edəndən sonra avtomobildə müəyyən problemlərin ortaya çıxdığını sürücülər də təsdiqləyirlər.
Məsələ ilə bağlı SOCAR-ın Neft Emalı zavodunun direktor müavini Rasim İbrahimov “Xəzər Xəbər”ə bildirib ki, hazırda Azərbaycanda istehsal olunan “Aİ-92” markalı benzin ancaq “Avro 2” standartına uyğundur. Bu səbəbdən “Avro 4” standartına cavab verən avtomobillərin sürücüləri “premium” benzindən istifadə etməlidirlər.
R.İbrahimov qeyd edib ki, Azərbaycan gələcəkdə “Avro 5” standartına cavab verən benzin istehsal etməyi planlaşdırır. Bu, Qaradağda yerləşən Neft-kimya kompleksinin yenidənqurmadan sonra fəaliyyətə başlaması ilə mümkün olacaq. Layihənin reallaşması təxminən 2020-ci ilə nəzərdə tutulub.
Mənbə:> Oxu.Az