Yağışlar sürüşmə zonalarında vəziyyəti kəskinləşdirib
Son zamanlar yağan yağışlar cənub-şərq, xüsusilə, şərq rayonlarındakı sürüşmə zonalarında vəziyyəti xeyli kəskinləşdirib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, sürüşmə zonalarında gözəçarpan fəallıq müşahidə olunur və sürüşmə fəal inkişafdadır.
Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Bakı, Lənkəranda daha güclü yağışlar yağdığını deyən direktor müavini “Bu da o deməkdir ki, vəziyyət pisdir, belə davam edərsə, nəticə daha da pis olacaq və vəziyyət xeyli çətinləşəcək. Son günlər Zığ, Qaraçuxur, Masazır, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Xızı, Şabran, Siyəzən, Lənkəran, Lerik, Qusar, Yardımlıda sürüşmə sahələrində fəallaşma var idi. Yağışlar intensiv davam edir. Bəlkə də bu gün orada yolların bir hissəsi bağlanacaq. Bu yağışlardan sonra vəziyyət daha da pis olacaq”, - deyə o bildirib.
Mənbə:> Oxu.az