Sürüşmə aktivləşdi
Cənub bölgəsi istisna olmaqla ölkədə olan digər sürüşmə zonalarında ciddi dəyişiklik yoxdur.
Bunu ANS PRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib. Onun sözlərinə görə, son günlər yağıntıların çox olması cənub bölgəsində, xüsusilə Lənkəran və Yardımlıda sürüşmə zonalarının aktivləşməsinə, xırda da olsa yeni sürüşmə sahələrinin yaranmasına səbəb olub.
Lakin son günlər Bakı və Abşeron yarımadasında yağıntının intensivliyinə baxmayaraq (aylıq normanın 99 faizi) buradakı sürüşmə zonalarında – Badamdar, Bayıl, Əhmədli-2, Masazır, Zığ ərazilərində dəyişikliyə səbəb olmayıb.
“Buna baxmayaraq, sürüşmələrin qarşısını almaq üçün ölkə ərazisində daim monitorinqlər, geoloji işlər aparılır. Monitorinqlərin nəticələrinə uyğun olaraq da sürüşmə ərazilərində müvafiq tədbirlər görülür; ağaclar əkilir, istinad – qoruyucu divarlar tikilir, ötürücü novlar quraşdırılır”, - deyə o əlavə edib.
Mənbə:> ANSPRESS