Yağışlı havada avtomobil əyləcinin sınağı keçirildi – VİDEO
ABC sisteminin işə düşməsi üçün əyləc pedalını axıra qədər sıxmaq lazımdır.
“HED Akademi” şirkəti sürücülər üçün maraqlı videoçarx hazırlayıb.
Oxu.Az Avtosfer.az saytına istinadən məlumat verir ki, real görüntülər əsasında hazırlanan bu videoçarx yağmurlu havada hərəkət edən avtomobilin “tormoz”lama zamanı yaratdığı effekti sürücülərə əyani şəkildə göstərməyə xidmət edir.
“HED Akademi”nin qapalı ərazisində baş tutan təlimdən hazırlanan videodan da aydın olduğu kimi, avtomobillər sürücülər tərəfindən idarə olunur.
Göründüyü kimi, avtomobillər 60 km/saat sürətlə hərəkət edir və islaq yolda qəfil tormozlama zamanı yaranan vəziyyət izah olunur. “HED Akademi”nin rəhbəri Cankat Hurmoğlu bildirir ki, saatda 60 km sürətlə hərəkət edən avtomobil qəfil tormozlama zamanı ən azı 20 metrədək sürüşür. Bu zaman ABC sistemi ilə təchiz olunmuş avtomobilin üstünlüyü ondan ibarətdir ki, sürücü sükanı idarə edə bilir və maneəni vurmamaq üçün sağa-sola hərəkət edə bilər. Bunun üçün sürücü tormoz pedalını axıra qədər sıxmalıdır. Çünki ABC sisteminin işə düşməsi üçün ən azı 50 kq çəki lazımdır: “Əlbəttə, pedalı yüngül basdıqda ABC sistemi işə düşməyə bilər. Ona görə də, tormoz pedalını axıra qədər sıxmaq lazımdır”.
Cankat Hurmoğlu əlavə edib ki, ABC sistemi ilə təchiz olunmayan avtomobillərdə qəfil tormozlama zamanı sükan kilidlənir və sürücü sükanı hara döndərsə də, avtomobil yalnız bir istiqamətdə hərəkəti davam etdirir.
Konkret bu görüntülərdən isə aydın olur ki, tormozlama zamanı ABC sistemi işə düşür və sükanı istənilən yerə döndərmək mümkündür. Avtomobilin sürüşməsi isə, təbii ki, yol şəraiti ilə bağlıdır. Yaş yolda sürüşmə quru yola nisbətən iki dəfə artıqdır. Məsələn, quru yolda 60 km/saat sürətlə hərəkət edən avtomobilin dayanması tormoz verildikdən 10 metr sonra mümkündürsə, yaş yolda bu məsafə 20 metr olur. Odur ki, yağmurlu hava şəraitində sürücülərin bu məqamı nəzərə alması, düzgün ara məsafəsi və yol şəraitinə uyğun sürət həddi seçməsi olduqca önəmlidir.
Mənbə:> Oxu.az