Firmalarla işləyən həkimlərə daha bir zərbə
Qanuna dəyişiklik edilib.
Bioloji fəallığa malik qida əlavələri həkimlərin tövsiyəsi əsasında satılacaq.
Aznews.info Fins.Az-a istinadən xəbər verir ki, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilib.
Qanuna əlavə edilən maddələrə əsasən, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər.
Lakin onlar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Yeniliyə görə, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsilə eyni tərkibli ola bilməz. Bunu aydınlaşdırmaq üçün həmin qida əlavələri ekspertizadan keçiriləcək.
Qeyd edək ki, indiyədək həkimlər həmin bioloji aktiv maddələri dərman adı altında reseptlərə yazırdılar. Pasiyentlər də bunları dərmanlardan ayıra bilmədiyi üçün hamısını almaq məcburiyyətində qalırdılar.
Bu da vətəndaşların əlavə vəsait xərcləməsinə səbəb olurdu. Yeni dəyişiklik isə bütün bunları qadağan edəcək. Artıq həkimlər müxtəlif profilli firmaların məhsullarını məcburən aldıra bilməyəcəklər.
Dəyişiklikdə bioloji fəallığa malik qida əlavələrinin satışı və reklamı ilə bağlı məsələlər də əslini tapıb. Belə ki, yeni qanun layihəsinə əsasən, həmin məhsullar apteklərdə, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunan xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə satılacaq. Qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.
Xatırladaq ki, bioloji fəallığa malik qida əlavələrinə qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilən məhsullar daxildir.
Mənbə:> Fins.az