Döyülüb öldürülən jurnalistin ata-anası Cavid Hüseynovun azadlığa buraxılmasını anlaya bilmir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Döyülüb öldürülən jurnalistin ata-anası Cavid Hüseynovun azadlığa buraxılmasını anlaya bilmir

Döyülüb öldürülən jurnalistin ata-anası Cavid Hüseynovun azadlığa buraxılmasını anlaya bilmir

Ötən il “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovla “Facebook” mübahisəsinə görə futbolçunun qohumları tərəfəfindən döyülərək öldürülən jurnalistin valideyinləri şokdadır. Bu gün Cavid Hüseynovun Bakı Apellyasiya Məhkəməsi tərəfindən gözlənilmədən azadlığa buraxılması jurnalistin ailəsində məyusluq və heyrətlə qarşılanıb.

Rasim Əliyevin anası Teyfurə Əliyeva “Azadlıq” radiosuna açıqlamasındabu qərarı “haqsızlıq” adlandırır.

Gözünün yaşı qurumayan ana artıq məhkəmə qərarını öyrənib:“Çox pis oldum, çox. Çox haqsızlıqdır, çox... Heç gözləmirdim. Onun maddəsinin dəyişdirilib yalançı maddəylə əvəz edilməsində, deməli, məqsəd onu aradan çıxarmaqmış. Gördünüz, həkimləri elə, Cavidi belə aradan çıxardılar. Axı buna prezident nəzarət edirdi. Mən qorxu içindəyəm ki, o beş nəfəri də azadlığa buraxacaqlar. Deməli, kim kimi istəsə öldürə bilər. Adamı varsa, pulu varsa və yaxud... Mənim kimilər də qorxa-qorxa yaşamalıdır”.

Ana narahatdır ki, qətlə görə həbs olunan digərlərini də buraxa bilərlər. “O həmin uşaqlar qədər iş almalı idi. İndi qorxuram ki, o biriləri də buraxacaqlar. Həkimləri elə aradan çıxardılar, Cavid də belə. O sırf təşkilatçı idi. Mən canlı şahidiyəm bunun. Bunu məhkəmədə sübut edə bilmədik. Yalançı maddə verdilər. Cavid özü məhkəmədə demişdi ki, “Mənə dedilər, 10 gün içəridə yat, sonra səni buraxacağıq, 3 ay yat, buraxacağıq. Amma bir il olub”. Gördünüz, bir il olunca buraxdılar. Haqsızlıqdır!”

– Bəlkə doğrudan da bu ölüm hadisəsində Cavid Hüseynovun günahı yoxdur? Hər şey bəlkə onun iradəsindən kənarda baş verib?

– Mən canlı şahidəm ki, onu çağıran Cavid olub. Onun mesajlarından da görünür. İstintaq materiallarında da var. Cavid Elşəndən soruşur ki, harda görüşəcəksiniz? O da cavab verir ki, Bayılda. Onda Cavid yazır: “Mən də gəlim?”. Elşən də deyir ki, yox, Razin uşaqları kifayət qədər yığışıblar. Bax belə. Burdan görünür ki, həmin adam Rasimin döyülməsində maraqlı olub. Onları özü göndərib. Mesajda deyildiyi kimi, çox adam yığılmasaydı, yəqin Cavid özü də Bayıla gələrdi. Bəlkə özü də həmin ətrafda olub. Nə bilmək olar? Bilinir ki, bu işdə əli var, təşkilatçıdır o. Aradan çıxardılar. Mən necə barışa bilərəm bununla? Balamın qatili azadlıqda gəzir. Balamın qanı yerdə qalır. Necə barışmaq olar bununla?

Rasim Əliyevin atası Məmmədəli Əliyev də futbolçu Cavid Hüseynovun azadlığa buraxılmasına münasibət bildirib. BBC-yə açıqlamasında o, bu xəbərə hədsiz pis olduğunu, deməyə söz tapmadığını bildirib.

Mərhum jurnalistin valideynlərinin hüqüqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev isə məlumatın gözlənilməz olduğunu bildirib. O, futbolçunun azadlığa buraxılmasını əvvəlcədən razılaşdırılmış qərar adlandırıb: “Bir neçə gün əvvəl mətbuatda Cavid Hüseynov barəsində apellyasiya məhkəməsinin ilkin iclas qərarından kasassiya şikayətinin geri götürüldüyü barədə məlumat çıxdı. Elə fikir yarandı ki, bu nahaq yerə baş verməyib. Bu şikayət hansısa məqsədlə verilib və götürülməsində də məqsəd olub”.

Vəkilin sözlərinə görə, şikayətin geri götürülməsindən 2 gün sonra Apellyasiya Məhkəməsinin tələsik qərar qəbul etməsi bu prosesin razılaşdırılmış akt olduğunu göstərir.

Ə.Mustafayev Cavid Hüseynovun işində Rasim Əliyevin valideynlərinin zərərçəkmiş kimi tanınmadığını bildirərək qeyd edib ki, tərəf olmadığı üçün jurnalistin valideyn və vəkilləri hüquqi müstəvidə heç nə edə bilməz: “Valideynlər ölkə başçısına müraciət edə bilərlər”.

Rasim Əliyevin nişanlısı Gülər xanım ilk reaksiyanı verib. O, Cavidin məhkəmə zalında gülərüz şəklinə belə reaksiya verib: “O şərəfsizdə vicdan yoxdur. Olsaydı, dişlərini ağartmaqdansa, utanma hissi keçirərdi. Amma belə rahat yaşamaz o. Tezliklə əsl ədalət yapışacaq ayağından onun”

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *