Ərəb turistləri: Azərbaycana qışda da gələcəyik
İraqlı turistlər Bakıdakı 5 ulduzlu hotelə adambaşına 550 dollar xərcləyib.
Yay aylarında Azərbaycana böyük axını müşahidə olunan ərəb turistləri Bakını qışda da ziyarət etmək niyyətindədirlər.
Aznews.info xəbər verir ki, bu barədə Fins.az-a paytaxtda səfərdə olan turistlər bildiriblər.
2016-cı ilin yay turizm mövsümü körfəz ölkələrindən olan turistlərin ölkəmizə böyük axını ilə yadda qalıb. Təkcə rəsmi statistikaya görə, ilk 6 ayda ölkəmizə gələn körfəzli turistlərin sayı 8 dəfə artıb. Ərəb turistləri təkcə Bakıda deyil, ölkənin bölgələrinə də səfər edərək turizm və ticarət obyektlərinin uzunmüddətli və gəlirli işləməsini təmin ediblər.
Bəzi turistlər bildirir ki, yay aylarında Azərbaycanda müşahidə olunan nisbətən sərin hava (körfəz ölkələri ilə müqayisədə) turistləri bundan sonra da cəlb edəcək.
İraqlı turist Abdul Abbas deyir ki, onların ölkəsində Azərbaycandakı kimi fərqli iqlim yoxdur. Onun sözlərinə görə, dostları və ailəsi Bakının sərin havasına “sadəcə vurulub”.
İraqdan gələn digər turist Bilal İyad da sərin havasına görə, Azərbaycana qışda da gələcəyini bildirir: “Çünki İraqda buradakı kimi sərin hava yoxdur”. Bilal Bakıya bu dəfə dostları ilə gəlib, qışda isə Azərbaycana ailəsini də gətirəcəyini deyir. Onlar Qız Qalası, Şirvanşahlar, İçərişəhər və digər görməli yerlərdə olduqlarını söyləyiblər.
İraqlı turistlər Bakıda 5 ulduzlu hoteldə qaldıqlarını, buna görə adambaşına 550 dollar ödədiklərini də bildiriblər.
Mənbə:> Fins.Az