Gədəbəy və Şəmkir rayonlarının musiqi və folklor kollektivləri Bakıda çıxış edib
AzNews.info xəbər verir ki, Oktyabrın 7-də paytaxtın “Fəvvarələr meydanı”nda Gədəbəy və Şəmkir rayonlarından gələn mədəniyyət, folklor kollektivlərinin və təsviri sənət ustalarının əl işlərinin təqdimatı keçirilib.
Musiqili-əyləncəli tədbirdə Gədəbəy Aşıqlar Məktəbinin, Şəmkir folklor qrupunun və aşıqlarının çıxışları alqışlarla qarşılanıb. Tədbir çərçivəsində bu rayonları təmsil edən sənət adamlarının əl işlərindən ibarət sərgi-yarmarka və sənətkarlıq nümunələrinin satışı da təşkil edilib. Sərgidə Gədəbəy rayonu 60, Şəmkir rayonu isə 80-ə yaxın sənət əsəri ilə təmsil olunub. Hər iki rayondan olan şair və yazıçıların kitabları da sərgidə xüsusilə diqqət çəkib.
Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlu konsert və sərgi-yarmarkanın təşkil olunmasını yüksək qiymətləndirib. Bildirib ki, belə tədbirlər regionlarda yaşayan yaradıcı insanların gələcək inkişafına böyük təkan verir.
Vurğulanıb ki, tədbirlərin təşkil olunmasında əsas məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq və onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdən ibarətdir.
Xatırladaq ki, layihə çərçivəsində indiyədək paytaxtda Şəki, Oğuz, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Balakən, Qax, Qazax və Ağstafa rayonlarından folklor kollektivlərinin konsert proqramları və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarkalar da keçirilib.
Belə tədbirlərin oktyabrın ortalarına qədər davam etdirilməsi nəzərdə tutulur.
Mənbə:> AzNews.info