“Dərnəgül” deposunda yeraltı keçid istifadəyə verildi – FOTO
“Dərnəgül” deposunda yeraltı keçid istifadəyə verildi
Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib.
AzNews.info Trend-ə istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Məlumatda bildirilir ki, M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. Belə ki, sakinlər tikintisi davam edən “Dərnəgül” elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə, yağışlı havada bir sıra çətinliklər yaradırdı. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən Bakı Metropoliteni rəhbərliyi yeraltı piyada keçidi tikmək haqqında qərar qəbul etmişdi.
Uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi artıq sakinlərin istifadəsinə verilib. Layihəsi “Bakı Metropoliteni” QSC nəzdində fəaliyyət göstərən “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan piyada keçidi tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib.
Mənbə:> Trend.az