Yaponiya televiziyasında Azərbaycanın “JATA-2016” turizm sərgisində iştirakı barədə veriliş yayımlanıb
AzNews.info xəbər verir ki, Yaponiyanın “World İnverstors TV” internet televiziyasında Azərbaycanın "JATA Tourizm EXPO Japan - 2016" beynəlxalq turizm sərgisində iştirakı barədə xüsusi veriliş yayımlanıb.
Əvvəlcə verilişin aparıcıları və sərginin təşkilatçıları bu beynəlxalq sərginin əhəmiyyəti, burada iştirak edən ölkələr barədə məlumat veriblər. Qeyd olunub ki, dünyanın ən böyük turizm sərgilərindən hesab olunan “JATA-2016” sentyabrın 22-dən 25-dək Yaponiya paytaxtının möhtəşəm “Tokyo Big Sight” sərgi salonunda keçiriləcək. Budəfəki sərgidə 170-dən çox ölkədən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 700-dən çox şirkətin iştirakı gözlənilir.
Qeyd olunub ki, sərgidə əsas mövzulardan biri Qara Dəniz hövzəsi ölkələrinə həsr ediləcək. Yapon turistləri üçün Qara Dəniz hövzəsi ölkələrinin əksəriyyəti hələ də bir çox hallarda naməlum istiqamət hesab olunur. Bununla əlaqədar olaraq JATA növbəti sərgi zamanı Qara Dəniz hövzəsi ölkələrindən bəzilərini təyinat nöqtəsi seçib və bu ölkələri təbliğ etməyi təklif edir. Bu ölkələrə Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Ukrayna ilə yanaşı, Azərbaycan da daxil edilib. Azərbaycan haqda məlumat verən verilişin iştirakçıları bildiriblər ki, ölkəmiz son illər sürətlə inkişaf edərək möhtəşəm turizm infrastrukturu yaratmağa nail olub. Təbii əsrarəngizliyi, qədim tarixi abidələri, zəngin musiqi və mətbəx mədəniyyəti ilə seçilən Azərbaycanda hazırda müasir və rahat otellər şəbəkəsi yaradılıb, yeni yollar çəkilib.
Vurğulanıb ki, sərgi çərçivəsində keçiriləcək seminarlardan biri ümumilikdə Azərbaycana həsr olunacaq. “Cross Border Club” şirkətinin prezidenti Kazuyasu İşida bu tədbirdə ölkəmizin turizm potensialı barədə ətraflı məlumat verəcək. Eyni zamanda, sərgiyə gələn ziyarətçilərə Azərbaycanın turizm potensialı barədə ingilis və yapon dillərində müxtəlif reklam-çap məhsulları təqdim olunacaq. Bütün bunlar Yaponiyanın və ətraf ölkələrin turizm həvəskarlarının Azərbaycan haqqında daha ətraflı məlumatlar əldə etməsinə imkan yaratmış olacaq.
Mənbə:> AzNews.info