Yeni təyin edilən məktəb direktorlarının sayı bəlli oldu
Bu gün Təhsil Nazirliyində işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib.
Oxu.Az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov məktəb direktorlarının qarşısında duran vəzifələrə toxunub, onların üzərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməyə və rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə var gücü ilə çalışmağa çağırıb.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov isə bildirib ki, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq 4 mərhələdən ibarət müsabiqə keçirilib. Onun sözlərinə görə, əvvəldən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib: “ İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfər ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.
Onlar haqqında müxtəlif rəylər toplanıb, şəxsi, insani keyfiyyətləri qiymətləndirilib. Bu rəylərlə yanaşı, insanların peşəkarlığı, səriştəsi, təhsil islahatlarının aparılması istiqamətində gələcəkdə nə dərəcədə davamlı iş apara bilməsi müəyyən olunub. Məktəb direktoru böyük bir pillənin uğurlarını, gələcəkdə nailiyyətləri əldə edə bilən, irəliyə apara bilən şəxsdir”.
Sonra məktəb direktorlarını maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.
Mənbə:> Oxu.az