Yol polisinin polkovniki hamilə qadını söyüb? – VİDEO
“Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) yol-patrul xidməti (YPX) alayının komandiri polkovnik Rəşadət Babayevin guya kimisə döyməsi ilə bağlı yayılan məlumatlar qəsdən şou yaratmaq və DYP-nin işinə kölgə salmaq məqsədi daşıyır”.
Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov R.Babayevin guya hamilə qadını söyməsi və onun ərinə sillə vurması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Şəhərin Tibilisi prospektinin sözügedən ərazisində dayanma-durmanı qadağan edən nişan quraşdırılıb. Bu nişanların təsiri zonasında qanuni xidmət aparan YPX əməkdaşlarının fəaliyyətinə bilərəkdən xələl gətirmək və ictimaiyyət arasında mənfi imic yaratmaq məqsədi ilə bu informasiya yayılıb.
Videogörüntüdən aydın olur ki, orada polis əməkdaşı heç bir hamilə qadına qarşı kobudluq etməyib və heç kəsə sillə vurmayıb. Videoda əvvəlcədən bir neçə şəxsin həmin ərazini mobil telefon ilə videoqeydiyyata alması hadisənin əvvəlcədən planlaşdırılmasından xəbər verir.
Əgər YPX əməkdaşı hamilə qadına qarşı kobudluq edibsə və onun ərinə sillə vurubsa, onlar niyə şikayət etməyiblər?! Bu, həmin ərazidə fəaliyyət göstərən bəzi şirkətlərin əməkdaşları tərəfindən ona görə hazırlanıb ki, həmin ərazidə dayanma-durmanı qadağan edən nişan ləğv edilsin və onlar öz avtomobillərini çalışdıqları şirkətin qabağında saxlaya bilsinlər.
Bu isə mümkün deyil. Çünki həmin ərazi Bakının şimal girişidir. YPX əməkdaşları da həmin ərazidə xidmət apararaq süni tıxacların yaranmaması üçün qanunsuz parklanmalara qarşı mübarizə aparır. Həmin sürücü avtomobilini yolun hərəkət hissəsində qanunsuz olaraq park edib və polis əmədaşının qanuni tələblərinə əməl etməyib”.
V.Əsədov vurğulayıb ki, həmin videogörüntü qeyri-peşəkar jurnalistlər tərəfindən araşdırılmadan, qərəzli olaraq yayımlanıb:
“Videogörüntülərdə qeyd olunan görüntü yoxdur, jurnalistin belə bir xəbər yazmaqda məqsədi nədir?! Əgər iş məhkəmə səviyyəsinə qaldırılsa, həmin jurnalist nə cavab verəcək?!”
Mənbə:> Oxu.az