Sosial mənzillərin tikinti işləri ilə bağlı son vəziyyət
Vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb.
Oxu.Az Marja-a istinadən xəbər verir ki, agentliyin fəaliyyətinin təşkili, mənzillərin necə və hansı prosedurla tikilməsi, evlərin vətəndaşlara satılması ilə bağlı nəzərdə tutulmuş model, bu mənzillərin yerləşəcəyi ərazini seçərkən nəzərə alınan amillər, eyni zamanda ilk güzəştli mənzillərin vətəndaşların ev probleminin həll olunmasındakı əhəmiyyəti və digər məsələlər haqqında ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevə müraciət etdik.
O qeyd etdi ki, agentliyin əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisini təşkil edərək Azərbaycan vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaqdan, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməkdən ibarətdir.
Agentlik yaradıldığı ilk gündən onun fəaliyyətinin bütün istiqamətləri üzrə kompleks işlərin görülməsinə başlanılıb.
Agentliyin direktoru geniş layihə olan çoxmənzilli evlərin inşasının həyata keçirilməsinə dövlətin ciddi nəzarəti və dəstəyinin olduğunu vurğuladı:
“Möhtərəm Prezident İlham Əliyevin sosial mənzillərin tikintisi və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə ayırdığı xüsusi diqqət bu layihənin tez bir zamanda uğurla reallaşmasına şərait yaradır. Eyni zamanda bu, bizim məsuliyyətimizi daha da artıraraq qarşımızda mühüm vəzifələr qoyur.
Ona görə agentlik bu vəzifələrin layiqincə yerinə yetirilməsini və qarşıya qoyulmuş məqsədlərə nail olunmasını yüksək səviyyədə təmin edəcək. Bu gün sosial mənzillərin tikintisinin təşkil edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
İlk növbədə, bu tədbirlər binaların tikintisi üçün torpaq sahələrinin seçilməsini, layihələndirmə və tikinti işlərinin planlaşdırılmasını, həmçinin mənzillərin uzunmüddətli güzəştli şərtlərlə təqdim edilməsi üçün dayanıqlı maliyyə modelinin yaradılmasını əhatə edir”.
Bildiyimiz kimi, artıq ilk evlərin tikilməsi istiqamətində praktiki addımlar atılıb. Bir neçə ünvana baxış keçirildikdən sonra konkret yer müəyyən olunub və layihənin icrasına start verilib.
Belə ki, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq ilk mənzillər Bakı şəhəri Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar olan ərazidə tikiləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təyin olunmuş ərazi agentliyin tabeliyində olan və çoxmənzilli binaların tikintisinin sifarişçisi qismində çıxış edən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilib.
Cari ilin sonunda tikinti işlərinə başlanacağı gözlənilir və ilkin hesablamalara görə salınacaq şəhərcikdə 2 minə yaxın mənzil inşa olunacaq.
Söhbət əsnasında öyrəndik ki, binaların tikilməsi üçün ilk torpaq sahəsi müəyyən olunana qədər, yəni ötən bir neçə ay ərzində agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində bir çox torpaq sahəsinə baxış keçirilib və konkret meyarlar üzrə qiymətləndirildikdən sonra onlardan bir neçəsi güzəştli mənzillərin tikintisi üçün uyğun hesab edilib.
Binaların tikiləcəyi ünvanların seçilməsində ilk növbədə şəhərin inkişaf perspektivləri nəzərə alınıb və Azərbaycan Respublikasının şəhərsalma normaları və qanunvericiliyinin tələbləri əsas götürülüb. Bununla yanaşı, həmin ərazilərin iş yerləri mərkəzlərinə yaxın olması, bu zonalarda nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin və digər infrastrukturun mövcudluğuna diqqət yetirilib. İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi olub.
Qeyd edək ki, sosial evlər paytaxtla yanaşı, bölgələrdə də tikiləcək. Odur ki, Mənzil İnşaatı Dövlət Agentliyinin mütəxəssisləri Gəncə, Sumqayıt, Lənkəran, Masallı və Şəmkir şəhərlərində də təklif olunmuş torpaq sahələrində olub ilkin dəyərləndirmə işlərini aparıblar.
S.Nuriyev bildirdi ki, çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Mənzillərin tikiləcəyi torpaq sahələrinin seçilməsində olduğu kimi, onların inşasında da vətəndaşların rahatlığı və digər zəruri meyarlara üstünlük veriləcək.
Tikinti zamanı binaların müasir memarlıq üslubu, ekoloji, enerji səmərəliliyi xüsusilə nəzərə alınacaq. Seçilmiş ərazilərdə yaşayış məkanları məhəllə və şəhərciklər formatında layihələndiriləcək. Burada çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, normalara uyğun olaraq geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və sair) obyektlərinin layihələndirilməsi və tikintisi də həyata keçiriləcək.
O əlavə etdi ki, dünyanın bir çox inkişaf etmiş ölkələri əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına olan artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində çox geniş təcrübəyə malikdir. İşin təşkilində Almaniya, Sinqapur, Türkiyə, Rusiya və digər ölkələrin təcrübəsinə üstünlük veriləcək.
Artıq bu istiqamətdə bir neçə görüşlər olub. Dünya praktikasının öyrənilməsi agentliyin işinin daha səmərəli qurulmasına və həyata keçirilməsinə imkan yaradır. Çoxmənzilli binalarla bağlı vətəndaşları daha çox maraqlandıran digər bir məqam bu evlərin hansı sosial qruplara və hansı şərtlərlə satılacağıdır.
S.Nuriyev bu barədə danışarkən dedi ki, agentliyin əsas məqsədi əsasən gənclərin, gənc ailələrin, habelə digər sosial kateqoriyalara aid az və ortatəminatlı vətəndaşların evlə təmin olunması üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir.
Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Vətəndaşlar hər ay yüksək olmayan, icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə təyin olunmuş müddətin sonunda həmin mənzillərə tam sahib olacaqlar.
S.Nuriyev mənzillərin satılması ilə bağlı uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi istiqamətində agentliyin artıq aidiyyəti dövlət qurumları ilə birlikdə işlər apardığını bildirdi:
“Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin burada əsas maliyyə mənbəyi kimi çıxış etməsi gözlənilir. Dövlət başçısının bu yaxınlarda imzaladığı fərmana əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasında təmsil olunması yaradılacaq sistemin əlaqəli şəkildə işləməsini təmin edərək dayanıqlı olmasına xidmət edəcək. Bununla yanaşı, mənzillərin satışının uzunmüddətli maliyyələşdirilməsini təmin etmək üçün ölkənin dövlət bankları ilə əməkdaşlıq imkanları da dəyərləndirilir”.
Ölkə rəhbərinin 29 noyabr 2011-ci il tarixində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı və onun icrasına yönələn layihələr bu gün artıq öz nəticəsini verməkdədir.
Bu İnkişaf Konsepsiyasında heç bir sahə diqqətdən kənarda qalmayıb. Sənəddə əsas hədəflərdən biri isə çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılmasıdır.
Azərbaycanda ilk dəfə reallaşan sosial mənzillərin tikilməsi və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillə təmin edilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması bu qəbildən olan layihələrdir. Layihə əsasında aparılan tikinti-quruculuq işləri, eyni zamanda ölkədə inşaat sektorunun inkişafına da müsbət təsir göstərəcək.
Tikinti materialları və avadanlıqlarının istehsalı, tətbiqi və istismarı sahələrini stimullaşdıracaq, yeni iş yerlərinin açılmasını təmin edəcək. Bu sektorun investisiya baxımından bir qədər də cəlbedici olmasına təkan verəcək. Bu da öz növbəsində ölkənin sənaye potensialının inkişafına təsirsiz ötüşməyəcək.
Mənbə:> Oxu.az