İlham Mədətov: “Rio-2016”-da ciddi kommunal problemlər yaşadıq
Oxu.Az-ın məlumatına görə, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, cüdoda çıxış edən həm Orxan Səfərov, həm də Rüstəm Orucov çox yaxşı əhvali-ruhiyyə ilə mübarizə apardılar və bu mübarizə digər idmaçılarımıza da çox müsbət təsir göstərir:
“Rüstəm Orucovun qazandığı mükafat bizim üçün çox gözəl başlanğıcdır”.
Nümayəndə heyətinin rəhbəri Olimpiya kəndində bir sıra çatışmazlıqların olduğunu diqqətə çatdırıb:
“Olimpiya kəndi bütün standartlara uyğun olaraq hazırlanıb. Bütün tikintilər, qurğular hamısı hazırlanıb, amma qurğuların içindəki xırdalıqlar demək olar ki, hələ də hazır deyil, yaşayış binalarında, idman obyektlərində nöqsanlar, çatışmazlıqlar mövcuddur. Biz hər gün təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə o nöqsanları yavaş-yavaş aradan qaldırırıq və idmançılarımız, məşqçilərimiz üçün maksimal olaraq rahat şərait yaratmağa çalışırıq”.
İ.Mədətov qeyd edib ki, ən böyük çətinlik o idi ki, binalar və digər obyektlər kənardan hazır vəziyyətdə görünsə də, binaların özünün içərisində xeyli problemlər var idi və bu gün də o problemlərin bir hissəsi qalmaqdadır:
“Sanitar qurğular, işıq, qaz, isti suyun verilməsi məsələlərində çox böyük problemlər var idi. Bu problemlər yavaş-yavaş həll olunur, ancaq biz ilk komandamızın bura gəlişindən 3-4 gün qabaq 3-4 otağı çox böyük çətinliklə onlar üçün hazırladıq. Amma bu gün deyə bilərəm ki, bütövlükdə komandamızın hamsını rahat yerləşdirmişik və bu günlərdə bizə qoşulacaq güləş və taekvando komandamızı qarşılamağa hazırıq”.
Mənbə:> Oxu.Az