Mehriban Nəsib: Ata həsrəti...
(Bütün atasız qızlara ithaf edirəm)
ATA! Nə ilahi bir söz! Övlad üçün iki ən müqəddəs iki varlıqdan biri! Hər kəs yaxşı bilir Atanın dəyərini… Ata sevgisi ilə böyüyənlər bir cür, ata sevgisi görməyərək böyüyənlər bir cür… Mənə görə birincilər xoşbəxtlərdirsə, ikinciləri necə adlandırmağı heç mən də bilmirəm…
Mən heç bilmirəm ata sevgisi… Atama ithaf etdiyim bu yazımda istəyirəm siz ayırd edəsiniz hansı qızlar təbəqəsindənəm mən…
Ata! Heç vaxt isinmədim istinə, nə uşaqlığımda, nə də gəncliyimdə… Hər kəs “ata» deyərək atasının üstünə qaçdığında göz yaşlarımı saxlaya bilmədim… Uşaqlar atalarının əllərindən tutaraq gəzməyi çox sevərlər, mən tuta bilmədim əllərindən, Ata! Uşaqlığımda yaşıdlarımla oynayanda onların “atam gəldi, atam gəldi!» deyərək qaçdığında mən göz yaşlarımı gizləmək üçün həyətmizə qaçdım… Xəlvəti ağalamaq üçün, Ata! Həmyaşıdlarımız atalarının əllərindən tutaraq aldıqları dondurmaları yeyəndə və xoşbəxtcəsinə evlərinə getdiyində biz – bacı və qardaşımla – həsrətlə bu mənzərənin arxasından baxdıq… Bu sevginin nə olduğunu anlaya bilmədik… Üçümüz də Ata həsrəti ilə alışdıq, yandıq… Yanğımızı heç kəs görmədi. Anamızın qəlbini qırmamaq üçün heç ata adı çəkmədik, ağlamadıq onun yanında, Ata!
İllər keçdi, böyüdüm bu acıyla, Ata! Kaş ki, heç böyüməyəydim… Atasız olmaq çox pis şey imiş sən demə, bunu böyüyəndə daha yaxşı anladım.. Uşaq olanda fikirləşirdim ki, böyüyəndə ata dərdim azalacaq, ağrım keçəcək, sənsizliyi daha az hiss edəcəm… Sən demə səhv etmişəmmiş… Həm də çox böyük səhv… Sən demə, ata insana uşaqlığında yox, hər zaman lazım olurmuş… Ən çox yeniyetməlik illərində və gəncliyində… Sayəndə faciələrlə dolu bir yeniyetməlik dövrü yaşadım, Ata!
Tələbəlik illərində sənə nə qədər ehtiyacım olduğunu bir daha anladım… Amma, heyhat, onda da yanımda deyildin, Ata! İngilis dilində beynəlxalaq jurnalistika fakültəsinə qəbul olanda dünyanın ən xoşbəxt qızı idim. İngilis dilli beynəlxalq jurnalsit olacaqdım, dünyanın hər yerindən, ən qaynar nöqtələrindən reportajlar hazırlayacaqdım… Təhsil haqqını ödəyə bilməyəndə, “Mehriban Nəsibova təhsil haqqını ödəyə bilmədyi üçün universitetdən xaric edilsin!” elanını divarda görəndə bütün xəyalların suya düşdü, Ata! Bu mənim ən böyük arzum idi, buna yol verə bilməzdim. Bax, onda, özümə qəsd elədim, Ata… Sənin yaşadığın başqa bir dövlətdə biznesin və iki restoranın olduğu halda qızın təhsil haqqını ödəyə bilmirdi və canına qəsd edirdi, Ata… Nə böyük təzad, deyilmi?!
Ancaq Allah Böyükdür! Yəqin anama yazığı gəldi Allahın, Ata, çünki mən ölmədim, həkimlər həyatımı çətinliklə də olsa xilas etdilər və yenidən həyata atıldım. Bir evdə qulluqçu işləməyə başladım. İllərlə evlərdə qulluqçu, gecələr çörəkbişirmə sexlərində işlədim, təhsil haqqımı ödədim, Ata! Sənin pula pul demədiyin vaxtlar idi onda…
Sonra bir gün Azərbaycana gəldin, Anam “Get o uşağı gör, universitetdə oxuyur” dedi, gəlmədin… Birdən gələrsən, məni axtararsan deyə yollara baxdim hey… Xəbərin oldumu bunlardan?! Yox, əlbəttə ki. Sənin belə şeylərə vaxtın yox idi onda, Ata!
Gənc qız idim və sevdiyim oğlan “Sən yaxşı qızsan, ancaq ailən mənə uyğun deyil, bagışla məni!” dedi və getdi… Mən bütöv bir ailədə böyüməmişdim, Ata, ona görə də mənimlə evlənməkdən boyun qaçırdı həmin oğlan… Əlbəttə, əgər biri sənin ailənəə görə səninlə evlənirsə, elə onun evlənməməyi məsləhətdir, ancaq hər halda burda yıxılan mənim qürürum oldu, Ata… Sonra elə bizim qapımızın qarşısından keçib gedib “özünə bab” ailədən bir qızla ailə qurdu, Ata. Məhv oldum onda, Ata, ruhum öldü o gün… Cismən də ölmək istədim, ancaq Anama görə bacarmadım… “Sən mənim ilk və əzabkeş övladımsan. Sənə birşey ola mən də özümü öldürəcəm, bacın və qrdaşın bu dünyada tək qalacaqlar. İndi qərarı özün ver!” dedi anam. Mənə çox inanirdı. Həddindən çox şey gözləyirdi məndən, onun umidlərini məhv edə bilməzdim… Bu dərdlə yaşamalı idim, Ata, ölü ruhla hıyata tutunmalı idim… Elə o gün küsdüm, həyata Ata! Bax, onda seni bagığlamayacagıma söz verdim özümə…
Dərslərimizin sentyabrın 15-də başlanmasına baxmayaraq tətili yarımçıq kəsərək isti avqustun 15-də Bakıya döndüm, onun evimizin yanından qırmızı lentlərlə bəzədilmiş gəlinlik maşınının qapımızın ağzından keçməsinə davam gətirməyəcəyimi bildiyim üçün... Gənc və sınıq qəlbim dözməzdi buna, Ata! Anama görə keçdim hər şeydən, axı, o gənc ömrünü bizə - mənə, qardaşıma və bacıma həsr etmişdi… Belə “yaşamağa” davam etdim… Nələr çəkdim, bir bilsən, Ata! Aclıq illərində günlərlə ac qaldım, anam da heç mənə yemək göndərə bilmirdi, çünki evdə daha iki ac körpə vardı. Yemək üçün ağlayırdılar… Mən az-çox anlayırdım, onlar isə yox.... Həyatım bu axarıa davam elədi illərlə, Ata, ancaq heç kəsə boyun əymədim, kəndimizdə bir çox oğlanların düşündükləri kimi əxlaqsız (“Yiyəsiz qızdır, əxlaqsız olacaq Bakıda. Ata yox, boyük qardaş yox!”) yox, çox fərqli biri olmağa söz verdim və bu yolda addımlamağa davam etdim. Heç bir dəfə maraqlanmadın mənimlə… O vaxt Tək Bir Varlıq olan Allaha inanırdim, güvənirdim və Onunla danışaraq bölüşürdüm. O, hər zaman mənə yol göstərdi, Ata, məni bütün sınaqlardan üzü ağ çıxartdı. Ac vaxtlarımda, ev kirəsini verə bilmədiyim üçün ev sahibəsi tərəfindən küçəyə atılanda belə Ondan üz çevrimədim, Ona tutundum, Ondan yol göstərməsini istədim. Ac günlərimdə belə Allahı unutmadım, oruclarımı tutdum. Bir çoxu güldü mənə və “hansi gününə şükür edirsən?!” dedilər və eşitmədim onları, oruclarımı tutdum, güvəndim və gələcəyə ümidlə baxdım, sanki bir gün hər şeyin bitəcəyini hiss etdim...
Universiteti bitirdim, Ata! Atalı qızlar, təhsil haqqlarını ataları verən, universitetə xarici maşınla gələn və aclığın nə olduğunu bilməyən qızlar adi diplomla bitirdiyində mən Qırmızı Diplomla bitirdim, Ata! Bunun mənim üçün nə demək olduğunu sən bilə bilməzsən!!!
Fəlakətlərin bitdiyini düşündüyüm vaxtda mənə elçi gəldi, yenə sən olmadın yanımda. Sonra ag gəlinlikdə ər evinə köçdüm, elə onda da yox idin sən, Ata! Səni anam toyuma çağırdı, sən “mənim pulum yoxdur!” dedin və gəlmədin. Məgər mən səndən pulmu istəyirdim, Ata?! Sadəcə ata xeyir-duası versəydin… Amma elə yaxşı ki, vermədin, Ata! Səndən mənə xeyir-dua düşmür! Axi, sən mənim sadəcə biloji atamsan…
Eşitdim indi fəxr edirsən mənimlə… Nə yazıq ki, mən sənin haaqında bunları deyə bilməyəcəm, Ata! Bir də ki, sənin haqqın yoxdur mənimlə fəxr etməyə, sənin mənimlə bağlı heç nəyə haqqın yoxdur, Ata! Hər şeyi tək qazandım mən, Böyük Yaradanın və Anamın dəstəyi ilə. Hər kəs Atasına güvənəndə, mən yalnız Allaha güvəndim, Ata! Atamın yoxluğundan, Anamın yiyəsizliyindən (o kənddə heç kəsimiz yox idi bizim, olanlar belə bizi yaxına buraxmırdılar!) istifadə etdi çoxu, təklədi bizi, ağlatdılar Anamı, məni, bacımı… Bizə hey “yetimlər” dedilər kənddə insanlar. Sənin qızlarına yetim demək yaraşardımı, АTA?!
Anam 25 yaşından üç körpə uşaqla tək qaldı, amma atmadı balalarını sənin kimi, Ata! Böyütdü bizi! Anam pis-yaxşı geyindirdi bizi, marqarin yağı ilə də olsa yemək bişirdi bizə, sinə gərdi bütün çətinliklərə, ali təhsil verdi bizə, sinə gərdi bütün çətinliklərə. Ancaq ona ucuza başa gəlmədi bunlar, Ata! Anam sağalmaz xəstəlik tapdi… Bilirsən, hər çeyimi verərəm, təki anam sağalsın… Ancaq heyhat, bu mümkün deyil… Sənsən səbəbkarı bunların, Ata, bizə yaşatdıqların bunlardır…
Bilirsən, bütün bu çətinliklərə baxmayaraq, indi hər şey dəyişib, Ata! İnan mənə, hər şey! İndi heç kəs kənddə mənə “yetim” demir, mənə “xanim” deyirlər, Ata! Qəzetlərdə şəklim çıxır, gördüyüm işlərdən, fəaliyyətlərdən danışır hər kəs… Bir vaxtlar mənə, “yetim qız” deyən o “böyük insanlar” mənim kabinetimin qapısını döyərək yanıma xahişə gəlirlər, Ata! Çox qəribədir, deyilmi?! Elə bil dünənki “yetim qız” deyiləm… Hər şey dəyişilib… Sanki hər şey dəyişilib… Əslində isə heç nə dəyişməyib, Ata! Yara elə həmin yaradır, sadəcə, üstü qaysaqlanıb yaramın, ancaq sağalmayıb, çünki mənim qəlbimin yarası da anmın xəstəliyi kimi sağalmazdır…
Sağalmasa da daha qanamır yaram, Ata! Agrı versə də, anamır… Qəlbimin ən dərin guşəsində yurd salıb özünə, əbədi bir iz, Ata! Mən yaşadıqca o yara da məndə yaşayacaq…
Ata, deyirlər ki, atasız qızlar yetim olurlar, raziam! Ancaq məncə qızı olmayan atalar da yetim olurlar… Bilmirəm, bəlkə də düz düşünmürəm… Ancaq bir şeyin düz olduöuna əminəm, AtaƏ SƏNİN DƏ BİR GÜN MƏNƏ EHTİYACIN OLACAQ, MÜTLƏQ OLACAQ! Bax, onda da mən sənin yanında olmayacm, ATA! Bax, onda sən də “YETİM» Atalardan olacaqsan!!!
Mehriban Nəsibova
Mənbə:> AzNews.info