Bakıda ərlə arvad arasında 75 minlik qızıl davası - “Hədiyyə olub”
Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 000 manat dəyərində qızıl əşyalar oğurlanması xəbəri ilə bağlı məsələ böyüyür. Məlum olduğu kimi bu işdə Zəfər Quliyevin arvadı Elnurə Quliyeva və tanışı Sahilə Atamova ittiham olunurlar.
Oğurluq ittihamı ilə bağlı Sahilə Atamovanın vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, sözügedən qızıllar Zəfər Quliyev tərəfindən həyat yoldaşına hədiyyə edilib:
“Elnurə Quliyeva isə öz istəyi ilə qızılın bir hissəsini Sahilə Atamovaya verib. Bir müddətdən sonra əri evdə olan qızılların yoxluğunun fərqinə varıb və onları tələb edib. Bundan sonra evdə problem yaranmasın deyə Elnurə Quliyeva 102-yə zəng vurub”.
Vəkil qeyd edir ki, işlə bağlı cinayət işi hələ 2011-ci ildə açılıb:
“Məsələnin 5 il sonra yenidən gündəmə gəlməyinin səbəbi isə budur ki, Zəfərlə həyat yoldaşı boşanır. Ailədaxili münaqişə yarandığı üçün Zəfər Quliyev həyat yoldaşı və onun tanışını oğurluqda ittiham edir.
DİN-in bu açıqlaması birbaşa Zəfər Quliyevin mənafeyinə xidmət edir. Elnurə Quliyeva necə qızıl oğrusu sayıla bilər? Yoldaşı ona hədiyyə edibsə bu qızıl onun sayılır. Sadəcə evdə problem yaranmasın deyə polisə şikayət edib.
Yaxın günlərdə Sahilə Atamova mediaya açıqlama verəcək”.
Adəm Məmmədov həmçinin əlavə edib ki, Elnurə Quliyeva sadəcə olaraq istintaqa yalan ifadə verdiyi üçün Cinayət Məcəlləsinin 296 və 297-ci maddələri ilə ittiham olunur:
“Mənim müvəkkilimlə Elnurə Quliyeva arasındakı münasibətdə cinayət işindən söhbət gedə bilməz, bu, mülki xarakter daşıyır”.
Xatırladaq ki, DİN dünən məsələ ilə bağlı yaydığı açıqlamada Zəfər Quliyevin evindən 75 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən arvadı Elnurə Quliyeva və tanışı Sahilə Atamovanın cari il iyulun 30-da saxlanılaraq Xətai RPİ-yə təhvil verildiyini açıqlayıb.
Mənbə:> Qafqazinfo.az